Adamlara 300-400 manat verib orada yaşamalarını tələb edirlər
Bu gün, 09:41

Qarabağ səfərdən keçirdiyim xoş təəssüratlardan sonra neqativ yazmaq asan deyil. Bununla belə elə hallar vardır ki, onları qeyd etməmək mümkün deyil. Səfər zamanı bir neçə yeni salınmış kəndlər gördüm. Evlərin keyfiyyətini birbaşa görmədiyimdən, həm də bununla bağlı çoxlu yazılar olduğundan gördüyüm başqa çatışmazlığı qeyd edəcəyəm. Əgər bunlar kənddirsə, evin sadəcə 5-10 sot həyatyanı sahəsi olması anlaşılan deyil. Kəndli 5-10 sot torpaq sahəsində nə inək, qoyun, toyuq saxlaya bilər, nə də ki, əkin sahəsi sala bilər. Əgər dediyim təsərrüfat mövcud deyilsə, o artıq kənd sayıla bilməz. Əgər kənd yox, qəsəbədirsə, demək onun yaxınlığında zavod, fabrik olmalıdır. Həmin ərazilərdə də istehsalat sahəsi salmaq nə iqtisadi, nə də ekoloji cəhətdən düzgün deyil. Yerli sakinlərdən öyrəndiyim isə odur ki, ailə başı saydan asılı olaraq insanlara 300-400 manat verib orada yaşamalarını tələb edirlər.
Azərbaycanın bütün ərazilərində torpaq islahatı zamanı ailə üzvlərinin sayına görə ən azı 1 ha torpaq sahəsi verdilər. Azad olunmuş ərazilərdə isə bu problem həll olunmayıb. Həyətyanı təsərrüfat sahəsi olmadan bir ailənin 300-400 manata yaşaması isə mümkün deyil. Elə ona görə də ora köçənlər az sonra qapılarına qıfıl vurub geri, Bakıya qayıdırlar və buna görə də onları qınamaq olmaz.
Səfər zamanı hər yerdə yolların təmirini, genişlənməsini müşahidə etdim. Əlbəttə, buna ehtiyac var. Ancaq Laçın - Şuşa arası dağ yollarında 4 zolaqlı yolun salınmasına heç bir ehtiyac yoxdur. Birincisi, inanmıram ki, həmin yollarda o qədər yol eninə ehtiyac olsun, çünki bu Bakı - Sumqayıt arası yol deyil. Avropada da dağlıq ərazilər var və orada heç bir yerdə 4 zolaqlı yol görməmişəm. İtaliya dağlıq yollarında elə sahələr var ki, ancaq bir maşın keçə bilər və ona görə də həmin yolların çoxunda işıqfor da quraşdırılıb. Keçdiyim, sovetdən qalmış yolların əksəriyyətinin ancaq təmiri kifayət edərdi. Belə yolların çəkilməsi həm həddən artıq israfçılıqdır, həm də təbiətə düşmənçilikdir. O zonanın gözəlliyi də təbiətindədir, hansısa istehsalat sahəsində deyil.
Qarabağda salınmış hər tikilinin tək iqtisadi yox, həm də siyasi mənası olduğunu çox yaxşı anlayıram və Xankəndidə, Şuşada möhtəşəm, böyük mehmanxanaların salınmasını başa düşürəm, çünki Şuşa mədəniyyət paytaxtıdır və orada daim çoxlu beynəlxalq tədbirlərin keçiriləcəyinə inanıram. Ancaq Laçında salınmış onlarla hektar sahəni əhatə edən yüzlərlə otaqlı Laçın mehmanxanasının (hələ iki otaqlı, sahəsi 400 m² olan villaları demirəm) tikilməsi heç bir baxımdan əlverişli deyil. Həmin kompleksin nəinki iqtisadi baxımdan gəlir gətirən olmasına, heç ora yatırılmış pulların nə vaxtsa qayıdacağına belə inanmıram. Uşaq pulu verə bilməyən, regionda ÜDM-ə görə nefti-qazı olmayan qonşularından geridə qalan ölkənin belə israfçılığı yolverilməzdir. Burada ancaq balaca mehmanxanalar (butik otellər) əlverişli olar.
Ən əsası Qarabağda inşaat təşkil edənlər bir şeyi anlamalıdırlar ki, torpaq heç vaxt artmır və torpaq qıtlığı getdikcə artacaq. Bütün işlərdə də ekologiya öndə olmalıdır ki, ən gözəl nemət olan təbiət qorunsun.
Aslan İsmayılov.
TEREF