Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
Bu gün, 15:18
"Kiçik yaşlarda kosmetika istifadəsi ekzemaya, müxtəlif dəri xəstəliklərinə və atopik dermatit kimi allergik vəziyyətlərə səbəb ola bilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə türkiyəli məşhur dermatoloq Nilsel İlter xəbərdarlıq edib.
O, son illərdə uşaqlar arasında kosmetik məhsullardan istifadənin yaş həddinin 10-a qədər endiyini vurğulayıb.
"Bizə müraciət edən uşaqlardan dəriyə hansı məhsullar çəkdiklərini soruşuruq. Bir pasiyentimin hətta böyüklər üçün nəzərdə tutulan kosmetika çantası vardı. Çantasında korrektordan tutmuş dodaq boyasına qədər müxtəlif məhsullar tapıldı" , - deyə Nilsel İlter təəccübünü ifadə edib.
Mütəxəssis valideynləri uşaqları kiçik yaşlardan kosmetika istifadəsindən uzaq tutmağa çağırıb. O, uşaqların erkən yaşda kosmetikaya maraq göstərməsinin əsas səbəbini sosial media təsiri ilə əlaqələndirərək, onların bu mühitlərdən mümkün qədər qorunmasının vacibliyini vurğulayıb.