Taksi şirkətlərinin yağışlı havalarda qiyməti qaldırması doğrudurmu? — Ekspert
17-04-2025, 09:34

"Çətin hava şəraitində taksi qiymətlərini bu qədər qaldırmaq olmaz. Artım qanunsuz deyil, amma insafsızlıqdır".
Bu barədə Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bu gün taksilərdə gediş qiymətlərinin fantastik dərəcədə bahalaşması faktlarının səbəblərini izah edərkən deyib.
O bildirib ki, sıxlıq, çətinlik, tələbat artan kimi taksilərdə qiymətlər artır:
"İstər təyyarədə olsun, istər sürət qatarında, dünya təcrübəsində bu var. Tələbat artan kimi qiymət artır, adi vaxtlarda isə azalır. Bu düzgün deyil, amma şirkətlər də belə siyasət qurublar. Yəni, dünyada qəbul eilmiş bir sistemdir. Taksi fəaliyyətində qiymət artımı hava şəraitinə görə dəyişir".
Ekspert hesab edir ki, qiymət artımı sərnişinlərə çox ciddi təsir göstərir:
"Bir də görürsən iki, hətta 3 dəfəyə kimi qiymət qalxa bilir. Buna görə də insanlar əziyət çəkir. Belə halda biz onlara qiyməti niyə qaldırırsınız deyə bilmərik. Bu gün taksi fəaliyyətində sabit qiymət yoxdur. Qiyməti bazar və rəqabət tənzimləyir. Rəqabətdə də bir çox seçimimiz var".
Yasin Mustafayev bildirib ki, bu günlərdə hansı şirkət ucuz xidmət göstərirsə, onlara müraciət etmək daha məqsədəuyğun olar.
Xatırladaq ki, bu gün Bakıda kəskin yağışlı hava şəraitindən istifadə edərək taksi fəaliyyətində qiymətlər kəskin artıb.