Atlantik okeanın qızılbalıqlarını Azərbaycana satan - ÖLKƏLƏR, QİYMƏTLƏR
Bu gün, 17:54
Cari ilin yanvar-iyul aylarında Azərbaycana Atlantik və Dunay qızılbalığı idxal edilib. Valyuta.az xəbər verir ki, bu müddətdə ölkəyə ümumilikdə 78,58 ton qızılbalıq gətirilib və idxalın ümumi dəyəri 480,02 min ABŞ dolları təşkil edib. Məhsullar əsasən Birləşmiş Ərəb Əmirlikləri, Çili, Norveç və Estoniyadan idxal olunub.
Birləşmiş Ərəb Əmirliklərindən gətirilən 5 ton qızılbalığın dəyəri 41,98 min dollar olub və hər kiloqram üçün qiymət təxminən 8,39 dollar (14,27 manat) təşkil edib. Çilidən idxal olunan 19,96 ton qızılbalıq üçün 102,81 min dollar ödənilib, burada hər kiloqram 5,15 dollar (8,75 manat) olub. Norveçdən gətirilən 50,76 ton məhsulun ümumi dəyəri 314,85 min dollar təşkil edib və hər kiloqramın qiyməti 6,20 dollar (10,54 manat) olub. Estoniyadan isə 2,86 ton qızılbalıq idxal olunub, bu məhsulların dəyəri 20,39 min dollar olub, 1 kiloqramı isə 7,12 dollar (12,11 manat) səviyyəsində qeydə alınıb.
Hesabat dövründə Azərbaycanın əsas qızılbalıq təchizatçısı Norveç olub.