"Rent a car"dan götürülən avtomobil zədələnərsə, məsuliyyəti kim daşıyır?
Bu gün, 15:44

"Rent a car" şirkətindən götürülmüş avtomobil istifadəçi tərəfindən idarə olunarkən, onun nəzarətindən asılı olmayan səbəblərdən (məsələn, təbii fəlakət və ya digər sürücülərin səbəb olduğu qəza) zədələnə bilər. Belə hallarda məsuliyyət necə bölünür və "Rent a Car" şirkəti müştərini günahlandıra bilərmi?
Sığorta eksperti Kamran Babayev Valyuta.az-a açıqlamasında bildirir ki, "Rent a Car" şirkəti ilə avtomobili icarəyə götürən şəxs arasında bağlanan müqavilə tərəflər arasında yaranan hüquq və öhdəlikləri tənzimləyir: “Əgər avtomobilə icarəyə götürənin iradəsindən asılı olmayan səbəblərdən - məsələn, sel, zəlzələ və digər təbii fəlakətlər nəticəsində zərər dəyərsə, bu hallar fors-major (iradədən kənar hallar) kimi qiymətləndirilir. Belə vəziyyətlərdə hər iki tərəf məsuliyyətdən azad oluna bilər. Onlar arasındakı münasibətlər müqavilə ilə tənzimlənir".
Sığorta şirkətləri lizinq avtomobillərini niyə baha sığortalayır?
“Rent a Car" şirkəti avtomobilin mülkiyyətçisidir və ümumi hüquqi məsələlərin həllinə cavabdehdir. Lakin icarə prosesində yaranan münasibətlər icarə müqaviləsi və qüvvədə olan qanunvericilik əsasında tənzimlənir. Əgər "Rent a Car" avtomobillərini sığortalayıbsa, hər hansı hadisə baş verdikdə ilk olaraq sığorta şirkətinə müraciət edilir”- deyə ekspert bildirir.
K.Babayev qeyd edir ki, hadisə zamanı sığorta şirkəti hadisəni qeydə alır və təqsirkar tərəfi müəyyən edir: “Əgər təqsirkar "Rent a Car" şirkətinin müştərisidirsə, sığorta şirkəti zərəri qarşılayır və heç bir problem yaranmır;
Əgər təqsirkar üçüncü şəxsdirsə, bu zaman sığorta şirkəti icbari məsuliyyət sığortası (avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) ilə zərəri ödədikdən sonra subroqasiyaya əsasən (yəni zərəri ödəmiş tərəf kimi) günahkar şəxsdən həmin məbləği tələb edir. Sözügedən sığorta 5.000 manata qədər olan zərəri qarşılayır. Əgər zərərin məbləği bu həddi aşarsa, artıq qalan hissə günahkar tərəfdən tələb olunur”.