Uşaqlar evində böyüdü, fabrikdə şagird kimi işləməyə başladı -
Bu gün, 15:24

Hər kəsin hekayəsi var, amma bəzilərinin həyat yolu bir millətin iqtisadi tarixinin simvoluna çevrilir. Leonardo Del Vecchio da belə insanlardan biridir. Kasıb ailədə doğulmuş, uşaqlığını uşaq evində keçirmiş, gəncliyində isə zavodda şagird kimi işləyərkən barmağının bir hissəsini itirmiş milyarder. Onilliklər sonra o, dünyanın ən məşhur eynək brendlərinin – "Ray-Ban" və "Oakley"in sahibi, milyardlarla dollarlıq imperiyanın qurucusu oldu.
İtaliyanın ən məşhur “kasıbçılıqdan zənginliyə” hekayələrindən biri "Ray-Ban" brendinin qurucusu Leonardo Del Vecchioya məxsusdur. Çətin uşaqlıq keçirən, uşaq evində böyüyən Del Vecchio daha sonra dünyanın ən böyük eynək istehsalçılarından birini quraraq milyardlara sahib olub.
Valyuta.az xəbər verir ki, Del Vecchio 1961-ci ildə cəmi 25 yaşında ikən "Luxottica" şirkətini təsis edib. Əvvəlcə sadəcə eynək detallarının istehsalı ilə məşğul olan şirkət zamanla öz məhsullarını bazara çıxardı. O, eynəkləri yalnız tibbi vasitə deyil, həm də moda aksesuarı kimi təqdim edərək sektorda dönüş yaratdı. 1980-ci illərdə sürətli genişlənmə başladı və 1988-ci ildə Giorgio "Armani" ilə lisenziya müqaviləsi bağlandı. Daha sonra "Chanel", "Prada", "Valentino" kimi dünya brendləri ilə əməkdaşlıq quruldu.
Del Vecchio-nun strategiyası yalnız tərəfdaşlıqla məhdudlaşmadı. 1999-cu ildə o, dünyaca məşhur "Ray-Ban" brendini satın aldı. Ardınca "Oakley" və digər böyük pərakəndə şəbəkələri "Luxottica"nın portfelinə daxil edildi. Nəticədə şirkət qlobal optika sənayesinin liderinə çevrildi.
2018-ci ildə isə Luxottica Fransanın Essilor şirkəti ilə birləşdi və nəticədə EssilorLuxottica adlı nəhəng qlobal konsern formalaşdı. Del Vecchio-nun şəxsi holdinqi Delfin həmçinin İtaliyanın maliyyə nəhəngləri "Mediobanca" və "Generali"də böyük paya sahib idi ki, bu da onu ölkənin biznes elitasının mərkəzinə gətirmişdi.
Çətin uşaqlıq keçirməsinə baxmayaraq Del Vecchio heç vaxt geri çəkilmədi. Atası, tərəvəz satıcısı, o doğulmamışdan əvvəl vəfat etmişdi. Maddi sıxıntılar səbəbindən anası onu yeddi yaşında uşaq evinə verməyə məcbur oldu. 14 yaşında zavodda şagird kimi işə başlayarkən barmağının bir hissəsini itirsə də, təhsilini davam etdirərək dizayn məktəbində oxudu və bu bilikləri ilə öz biznesini qurdu.
“Forbes”in məlumatına görə, 2021-ci ilin sonuna Del Vecchio İtaliyanın ikinci ən varlı adamı idi və sərvəti 25 milyard dollardan çox qiymətləndirilirdi. 2022-ci il iyunun 27-də o, 87 yaşında vəfat etdi. Onun varidatı həyat yoldaşı və altı övladı arasında bölündü.