Avropanı parçalayan, Trampı prezident edən adam - MƏXFİ SİSTEM

20-12-2016, 00:45           
Avropanı parçalayan, Trampı prezident edən adam - MƏXFİ SİSTEM
Böyük Britaniyanın Avropa İttifaqından çıxması və ABŞ-da Donald Trampın prezident seçilməsində "Facebook” sosial şəbəkəsində fərdiləşdirilmiş reklam texnologiyasının böyük rolu olub. İsveçrənin "Das Magazin” jurnalında yayımlanan məqalədə hər şey açıq şəkildə göstərilir. Bu materialı əksər jurnalistlər "ilin məqaləsi” adlandırır. Burada hər şey var: universal silah kimi istifadə olunan ən yeni texnologiyalar, gündəlik həyatın izlənilməsi, sirli sifarişçilər və yoxsuldan şahzadəyə çevrilmə. Hansı ki, bu texnologiyanın artıq pis əllərə düşdüyü qeyd olunur.

Publika.az həmin texnologiyanı və ondan necə istifadə olunduğunu təqdim edir.

***

Noyabrın 9-da səhər Mixail Kozinski Sürixdə oteldə oyandı. 34 yaşlı alim ən yüksək texniki məktəb hesab olunan ETH-də "Big Data” və "rəqəmli inqilab” haqqında məruzə ilə çıxış edəcək. Kozinski belə mühazirələri demək üçün dünyanın hər yerini gəzir. Çünki o, psixometriyada (psixologiyanın məlumat analizinə əsaslanan bölməsi) aparıcı ekspertdir. O, səhər televizoru yandırdı və anladı ki, bomba partlayıb: Sosioloqların bütün proqnozlarına baxmayaraq, Donald Tramp prezident seçilib.

Kozinski uzun müddət Trampın triumfu haqqında xəbərə baxır. O, şübhələnir ki, bu, hansısa formada onun elmi araşdırmaları ilə bağlıdır. Ah çəkir və televizoru söndürür.

Həmin gün indiyə qədər az tanınan London firması yeni press-reliz yayır.

"Biz onunla təəccüblənmişik ki, bizim məlumatlara əsaslanan kommunikasiyalara inqilabçı yanaşmamız Donald Trampın qələbəsinə töhfə verdi”, - press-relizdə deyilirdi.

Press-reliz Aleksandr Niks tərəfindən imzalanmışdı. Niks britaniyalıdır və "Cambridge Analytica” şirkətinə rəhbərlik edir. Həmişə kostyum geyinir, dəbdə olan buynuz eynək taxır və dalğalı saçlarını adətən geriyə darayır.

Kozinksi, Niks və Tramp: birinci "rəqəmli inqilab”ı kəşf etdi, ikinci onu tətbiq etdi, üçüncü bunun sayəsində qalib gəldi.

"Big Data”: indi demək olar ki, hər kəs bu terminlə tanışdır. Belə ki, hər gün internetdə etdiyimiz hər şeylər, hətta "ofline” olanda belə qeydə alınır. Kredit kartı üzərindən alış-veriş, "google”də axtarış, cibimizdə gəzdirdiyimiz smartfon, sosial şəbəkədə etdiyimiz layk. Bütün bunlar saxlanılır. Amma çoxu anlaya bilmir ki, bu məlumatlar nə üçün lazım ola bilər? Lakin "Facebook”da hipertoniya vasitələrinin reklamı üzə çıxanda bəzi şeylər aydınlaşmağa başladı. Bu, həm də "Big Data”nın bəşəriyyət üçün nə qədər böyük nailiyyət və təhlükə olduğunu da göstərir. Noyabrın 9-da isə buna dəqiq cavab tapıldı: "Brexit”ə dəstək kampaniyasını quran və Trampın internetdə seçkiqabağı kampaniyasını aparan şirkət eyni idi – "Cambridge Analytica” və onun direktoru Aleksandr Niks.
Prosesləri anlamaq üçün 2014-cü ildə Britaniyanın Kembric universitetində Kozinskinin psixometriya kafedrasında baş verən hadisəyə qayıtmaq lazımdır.

Psixometriya (bəzən buna psixoqrafiya da deyilir) insan şəxsiyyətini ölçməyə qadirdir. Müasir psixologiyada bunu "okean metodu” adlandırırlar. 1980-ci ildə iki psixoloq sübut etdi ki, bütün xasiyyətin xüsusiyyətini 5 ölçünün köməyi ilə açmaq mümkündür. Bu "böyük beş” adlandırılır: açıqlıq (siz yeniliyə nə qədər hazırsınız), vicdan, ekstraversiya (sosial mühitə necə baxırsınız), xeyirxahlıq (siz nə qədər mehribansınız və əməkdaşlığa hazırsınız) və ən əsası neyrotizm (sizi özündən çıxarmaq nə qədər asandır). Bunlar vasitəsilə insanların nə işlə məşğul olduğu, arzuları, qorxuları və digər görünməyən tərəfləri haqqında dəqiq informasiya əldə etmək mümkündür. Əvvəllər bunu öyrənmək üçün sorğu vərəqələri hazırlanırdı. Lakin sonra internet çıxdı, "Facebook” yarandı və nəhayət, Kozinski peyda oldu.



Mixal Kozinski: Varşavadan olan bu cavan oğlan 2008-ci ildə tələbə həyatına başlayır. O, Britaniyanın nüfuzlu Kembric universitetinə daxil olur və dünyada psixometriya üzrə ən birinci olan Kevendiş laboratoriyasında təhsil alır. Öz kurs yoldaşları ilə o, "Facebook” üçün əlavə "MyPersonality” proqramını kəşf etdi və istifadəyə verdi. Bununla, onlar istifadəçilərə "sizi özündən çıxarmaq asandırmı, siz ətrafınızdakıları tənqid etməyə meyllisinizmi” kimi suallar verərək şəxs haqqında məlumatlar əldə edirlər. Daha sonra iki doktorant bu məlumatların ən böyük "məhsulunu” yığdı.



Kozinski və yoldaşlarının bir neçə il ərzində hazırladığı proses sadədir: birincisi, online-test tətbiq olunur və suallar verilir. Tədqiqatçılar cavablardan istifadəçinin şəxsi dəyərlərini müəyyən edirlər. Sonda Kozinskinin komandası istifadəçinin hərəkətlərini öyrənir: "Facebook”da layklar, həmçinin, yaş və yaşadığı yer.



Adətən sadə məlumatın analizi qeyri-adi nəticələr əldə etməyə imkan verir. Misal üçün, əgər bir istifadəçi MAC kosmetikasının səhifəsini bəyənibsə, o böyük ehtimalla "qeem”dir. Əgər başqası Nyu-Yorkun "Wu-Tang Clan” hip-hop qrupunu bəyənirsə, o, geterseksualistin yüksək göstəricisidir. Ledi Qaqanı bəyənənlər isə ekstravaqant insanlardır.



Kozinski və komandası 2012-ci ildə müəyyən etdilər ki, laykların analizi nəticəsində istifadəçinin rəngini 95 faiz, homoseksuallığını 88 faiz, Demokrat, yoxsa Respublikaçılar Partiyasının dəstəklədiyini 85 faiz ortaya çıxarır. Lakin bu proses intellektual inkişafa, dini mənsubiyyətə, içkiyə, siqaretə, yaxud narkotikaya meylin öyrənilməsinə qədər gedir. Məlumatlar hətta istifadəçinin həddi-buluğa çatana qədər valideynlərinin boşanıb-boşanmadığını da tapmağa imkan verir. Kozinski uğurlarını ard-arda düzürdü. Tezliklə, o, layk nəticəsində istifadəçini tanımaq, hətta onun iş yoldaşları haqqında da məlumat əldə etmək modelini tətbiq etdi. 70 laykdan sonra dostun nə qədər olduğunu, 150 laykdan sonra valideynlərin necəliyi, 300 laykdan sonra isə tərəfdaşların sayını müəyyən etmək mümkündür.



Kozinski öz modeli haqqında məqaləni dərc etdiyi gün iki telefon zəngi alır: biri şikayət, digəri isə iş təklifi idi. Hər iki zəng "Facebook” şirkətindən edilmişdi.

Daha sonra ətraflı məlumat əldə etmək üçün bu sistem "smartfon”lara tətbiq edilir. Kozinski smartfonun böyük psixoloji sorğu vərəqəsi olduğunu aydınlaşdırır. Hansı ki, insanlar öz məlumatlarını məhz burada saxlayırlar. Beləliklə, Kozinski insanların axtarışı sistemini ixtira etdi. O həm də öz ixtirasının potensial təhlükəsini də hiss edirdi.



Kozinski düşünürdü ki, əgər kimsə bu sistemdən manipulyasiya üçün istifadə etmək istəyərsə, o zaman nə baş verəcək? O, özünün bütün elmi məqalələrində xəbərdarlıq etməyə başladı ki, bu sistemdən istifadə insanların azadlığına və şəxsi həyatına təhlükələr yarada bilər. Amma deyəsən, heç kəs bunun nəyə apardığını anlamırdı.



2014-cü ilin əvvəlində özünü gənc assistent kimi təqdim edən Aleksandr Koqan Kozinskiyə müraciət edir. Koqanda Kozinskinin metodu ilə maraqlanan hansısa firmanın sorğusu var idi. Təklif ondan ibarət idi ki, "Fazebook”da 10 milyon amerikalı istifadəçini psixometriya yolu ilə təhlil etmək lazımdır. Kozinski əvvəlcə razılaşdı, axı bu, onun institutuna böyük məbləğlər gətirəcəkdi. Lakin sonra razılaşmanı ləngitməyə başladı. Və Koqanın təqdim etdiyi firma ilə bağlı araşdırmalara başladı: "Strategic Communications Laboratories” (SCL – Strateji Kommunikasiyalar Laboratoriyası). Psixologiya və məntiq əsasında marketinq təklif edən firmanın saytında qeyd olunurdu: "Biz seçkiqabağı kampaniyaları idarə edən qlobal şirkətik”. Kozinski heyrətlə saytı eşələyir və "Bu firma ABŞ-da nə ilə məşğul ola bilər” sualı ətrafında düşünürdü. O vaxta qədər Kozinski bilmirdi ki, SCL-nin arxasında mürəkkəb korporativ sistem dayanır. Daha sonra bu sistem "Panama sənədləri” və "Wikileaks”in ifşalarında istifadə olunub. Bu sistem inkişaf etmiş ölkələrdə böhranlar yaradır, başqa bir proqramda NATO-ya Əfqanıstan vətəndaşları üzərində psixoloji manipulyasiya metodlarını hazırlamağa kömək edir. SCL-nin filiallarından biri "Brexit”-də və Trampın seçkiqabağı kampaniyasında internet-kampaniyalar təşkil edən "Cambridge Analytica” şirkətidir. Burada hər şey aydın olur.


Kozinski isə bunlar haqqında heç nə bilmir, sadəcə olaraq, nədənsə şübhələnirdi. O, araşdırır və ortaya çıxarır ki, Aleksandr Koqan SCL ilə əməkdaşlıq edən gizli şirkət yaradıb. SCL Kozinskinin metodu haqqında məlumatları Koqanın əlindən alıb. Kozinski dərhal anladı ki, Koqan onun sistemini köçürə və SCL-yə sata bilər. O, Koqanla əlaqəni kəsdi və vəziyyət haqqında öz institutunun müdirinə məlumat verdi. İnstitut daxilində gərginlik yarandı, müəssisə öz reputasiyası üçün narahat idi. Daha sonra Koqan Sinqapura köçdü və evləndi, orada özünü doktor Spektr adlandırmağa başladı. Kozinski "Stenford” şirkətində işləməyə başlayanda ABŞ-a köçdü. Beləcə, hər şey sakitləşdi.

***

Bir il çox sakit keçdi, lakin 2015-ci ilin noyabrında "Brexit” elan olunur və Avropa İttifaqından çıxmağın radikal tərəfdarlarının lideri Naydjel Faradj internet-kampaniyanın aparılması işinə "Big Data” üzrə ixtisaslaşmış "Cambridge Analytica” firmasını cəlb edir. Firma yeni tipli siyasi marketinq aparır.

Kozinski "Kebric”, "okean” və "analitik” başlıqlı çoxlu məktublar almağa başlayır. Çoxları düşünür ki, o, baş verənlərlə bağlıdır. Yalnız o zaman belə bir firmanın mövcudluğundan xəbər tutur. O, dəhşətlə firmanın saytına baxır: onun metodundan böyü siyasi oyunda istifadə edilir. 2016-cı ilin iyulunda "Brexit”dən sonra ona lənətlər yağmağa başlayır. Hər kəs onu "Brexit”i təşkil etməkdə ittiham edir. Hər dəfə Kozinski sübut etməli olur ki, o, "Cambridge Analytica” firması ilə heç bir əlaqəyə malik deyil. Baş verənlərdən 10 ay keçir.

19 sentyabr 2016-cı il: ABŞ-da seçki kampaniyasının qızğın dövrü başlamaqdadır. Nyu-Yorkda "Grand Hyatt” otelinin zalında "Creedence Clearwater Revival” qrupunun "Bad Moon Rising” mahnısı səslənir. Oteldə "Concordia”nın illik sammiti keçirilir. Böyük şəxslər dəvətlidir, hətta İsveçrə prezidenti Yohann Şnayder-Amman da qonaqlar arasındadır.

- "Cambridge Analytica” firmasının direktoru Aleksandr Niksanı salamlamağı xahiş edirəm – xoş qadın səsi eşidilir.

Səhnəyə tünd kostyumda uzunboylu kişi çıxır. Zalda tam sakitlikdir. Çoxları artıq bilirlər ki, onların qarşısında Trampın yeni digital-mütəxəssisi dayanıb. Bu sammitdən bir qədər əvvəl Trampın "Twitter”də müəmmalı "tviti” çıxmışdı: "Tezliklə siz məni "mister Brexit” adlandıracaqsınız”.

Politoloqlar da artıq Trampla "Brexit” tərəfdarlarının proqramında oxşarlıq haqqında danışırdılar.

O vaxta qədər Trampın digital-kampaniyasını cəmi bir insan aparırdı: Bred Parskeyla. O, Tramp üçün 1500 dollara sadə veb-sayt yaratmışdı. 70 yaşlı Trampın internetə heç bir marağı yox idi. Şəxsi assistenti danışırdı ki, Tramp elektron məktubu belə açıb oxuya bilmir. Assistenti ona smartfon öyrətdi və bundan sonra Tramp "Twitter”də "tivt”lər yağdırmağa başladı.

Hillari Klinton isə birinci "sosial şəbəkə prezidenti” olan Barak Obamanın mirasına söykənirdi. Onda "Google” və "Dreamworks”-da milyonlarla abunəçisi olan Demokratlar Partiyasının hesabı var idi. 2016-cı ilin iyununda Tramp "Cambridge Analytica” firmasını işə götürəndən sonra vəziyyət dəyişdi.

"Hörmətli xanımlar və cənablar, sizə seçki kampaniyasında "Big Data” və psixometriyanın gücündən danışmaq mənim üçün şərəfdir”, - Niks sammitdə danışır.

Onun arxasında firmanın loqotipinin olduğu slayd çıxdı: şəbəkələrdən təşkil edilmiş insan beyninin təsviri.

"Seçkiqabağı kampaniyaların demoqrafik meyarlar üzrə aparılması ən axmaq ideyadır: bütün qadınlar eynicinsli olduğu üçün bir mesaj hamısına təsir edir, yaxud bütün afroamerikalılara eyni sözü demək lazımdır. Bu diletant üsuldur”, - deyə o bildirir.


Qeyd edək ki, Hillari Klintonun komandası gizli şəkildə cəmiyyəti homogen qruplara bölərək kampaniya aparırdı. Bu forma sona qədər Klintonun qalib gələcəyi fikrini dəstəkləyirdi.

Və Biks əl işarəsi ilə digər slaydı açır: "Böyük beş”.

"Biz "Cambridge Analytica”da ABŞ-ın hər bir həddi-buluğa çatmış vətəndaşının şəxsiyyətini müəyyən etməyə icazə verən model hazırladıq”, - Niks davam edir. Zalda tam səssizlikdir.

- "Cambridge Analytica”da marketinq uğuru "üç balina” üzərində qurulub. Bu, "okean modeli”nə əsaslanan psixoloji davranışın analizidir.

Niks firmasının şəxsi məlumatları necə əldə etdiyini səmimiyyətlə izah edir: kadastral siyahılar, bonus proqramları, telefon məlumat kitabçaları, klub kartları, qəzet abunələr, tibbi məlumatlar.

ABŞ-da demək olar ki, istənilən şəxsin belə məlumatlarını əldə etmək mümkündür. Sonra firma Respublikaçılar Partiyasının tərəfdarlarının siyahıları ilə "Facebook”da layk məlumatlarını tutuşdurur. Budur, "okean metodu” ilə şəxsi profillərdəki məlumatlar ortaya çıxır. Rəqəmli məlumatlarda insanların qorxuları, maraqları və yaşayış ünvanları peyda olur.

Bu prosedur Kozinskinin modelinin eynisidir.

Niks qeyd edir ki, onlarda həddi-buluğa çatmış amerikalıların psixoqramları var. Bu, 220 milyon nəfərə yaxındır.

Klintonun elektoratını qazanmağın yolu: riyaziyyatçı Onil Ketis avqustda danışırdı ki, Trampın ziddiyyətli təbiəti, müxtəlif və qarışıq mesajları onun əlinə oynayır: "Tramp mükəmməl alqoritim kimi hərəkət edir və yalnız tamaşaçıların reaksiyasına söylənir”.

Trampın komandası sosial şəbəkələrdə Klintonun elektoratına hesablanan addımlar atırdılar. Misal üçün, Klinton Fondunun Haiti zəlzələsində dağıntıların aradan qaldırılmasında iştirakdan imtina haqqında xəbərlər peyda olmağa başladı. Məqsəd Haiti sakinlərinin Klintona səs verməsinin qarşısını almaq idi. Bundan başqa "Facebook”da "tünd postlar”dan istifadə olunurdu: pullu elanlar yerləşdirilir və bu, yalnız müəyyən qrup insanların rastına çıxır. Misal üçün, afroamerikalılara Klintonun qaradərili kişiləri yırtıcı heyvanlarla müqayisə etməsi haqqında fikirlərinin əks olunduğu videopostlar göndərilirdi.

Trampın seçkiqabağı kampaniyada əsas qərargahdan başqa "ikinci qərargahı” da mövcud olub. Bu, digital-kampaniyanın aparıldığı yer idi. Məlumatlara görə, Tramp digital-kampaniya üçün "Cambridge Analytica” firmasına ümumilikdə 15 milyon dollar haqq ödəyib.

Firma həmçinin, amerikalılar haqqında əldə etdiyi məlumatlara əsaslanaraq, Trampın çıxışlarında nələri deyib, nələrdən vaz keçməsini də müəyyən edirdi. Məhz buna görə Tramp seçicilər qarşısında çıxışlarında çox qəribə görünsə də, məhz əhalinin ürəyindən xəbər verən ifadələrdən istifadə edirdi. Bu, ona qələbə gətirdi.Maraqlı məqamlardan biri də odur ki, Trampın baş müşavir postuna namizəd göstərdiyi Stiv Bennon "Cambridge Analytica” firmasının direktorlar şurasının üzvüdür.

İndi dünya tərsinə çevrilib: "Brexit” oldu, Tramp Amerikaya rəhbərlik edəcək. Bütün bunların baiskarı olaraq Kozinski göstərilir, halbuki, o təhlükələr haqqında xəbərdarlıq edirdi. İndi onun elektron poçtuna bir yığın şikayət məktubu daxil olur. Və hər dəfə məcburi qaydada cavab verməli olur: "Burada mənim günahım yoxdur. Mən bombanı hazırlamadım, sadəcə bunun mövcudluğunu göstərdim”.

Bu, Enşteynin atomu ixtira etməsinə bənzəyir. O, sadəcə bu təhlükəli nüvəni tapmışdı. Atom bombasını isə başqaları hazırladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.