Terrorun ayaq səsləri - Azərbaycan üçün də təhlükə var?

21-12-2016, 11:12           
Terrorun ayaq səsləri - Azərbaycan üçün də təhlükə var?
Azərbaycanın qonşuluğunda yerləşən ölkələrdə terror təhlükələri ciddi şəkildə artıb. Hələ ki hədəf kimi əsas ölkə olaraq qardaş Türkiyə seçilib. Son 10 gündə 3 böyük terror aktının törədilməsi və son terrorda rus səfirinin qətlə yetirilməsi ölkəmizdə də ciddi narahatlıq doğurub.

Dünyadakı əksər terror hadisələrində din faktorunun önə çıxmasını, Azərbaycanda da getdikcə dini radikalizmin güclənməsini və günü-gündən təhlükəli həddə çatdığını vurğulayan ekspertlər həyəcan təbili çalır, hökumətə uyarıcı açıqlamalar verirlər. Təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məsələsi getdikcə aktuallığını daha da artırır. Artıq dünyanı ağuşuna alan terror təhlükəsinin ölkəmizə də “ayaq aça biləcəyi” qeyd olunur.

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev rus səfirinin öldürülməsini qəti şəkildə dinin üzərinə yükləməyin əleyhinədir: “Bu hadisədə böyük dövlətlərin xüsusi xidmət orqanlarının da maraqları ola bilər. Təbii ki, araşdırma zamanı həm FETÖ, həm də İŞİD xətti ortaya çıxa bilər. Eyni zamanda Suriyada Rusiya əleyhinə çıxan qüvvələrin də burada əlinin olması mümkündür. Məqsəd Türkiyəni Əfqanıstan tipli ölkə kimi qələmə vermək, Rusiya ilə arasını vurmaqdır. Türkiyə hökumətinin və xüsusi xidmət orqanlarının zəif olmasını da burada göstərmək niyyəti var. Amma belə təhlükələrin Azərbaycanda da ola biləcəyi ilə bağlı fikirlərlə razı deyiləm. Çünki demək olar ki, ölkəmiz Dağlıq Qarabağ problemindən başqa böyük müharibələrin heç birinin iştirakçısı deyil.

Bəzi yerlərdə sülhməramlı missiyanı həyata keçirir. Lakin bu o demək deyil ki, qlobal böyük müharibələrdə Azərbaycan iştirak edir. Amma heç cür unutmaq olmaz ki, Azərbaycan və qonşu ölkələr terrordan sığortalanmayıblar. Azərbaycanda Rusiya və Türkiyənin səfirlikləri var. Bu səfirliklərə qarşı həmin addımların atılması Azərbaycanın da həmin siyahıya qoşulma ehtimallarını sürətləndirə bilər. Buna görə də Azərbaycanda hüquq-mühafizə və xüsusi xidmət orqanları səfirliklər və digər bu kimi qurumlarla bağlı gücləndirilmiş iş rejiminə keçir. Mühafizə işi daha sürətləndirilməlidir.

Yəqin ki, bu istiqamətdə də müvafiq addımlar atılır. Heç bir dövlət terror təhlükəsindən sığortalanmayıb. Ona görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və agentura şəbəkəsinin aktivliyi burada əsas amillərdəndir. Bu gün vətəndaşlarımız İŞİD və digər təhlükəli terror qruplaşmlarının tərkibində müxtəlif ölkələrdə ola bilərlər. Amma bu bizim dövlət siyasəti deyil. Əsas düşmənimiz hamıya məlumdur. Azərbaycanın xarici sərhədlərinin hamısı daha güclü qorunmalı, hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçməli, bütün riçaklardan istifadə olunmalıdır”. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.