Hitlerin həbs düşərgələrindəki qul qadınlar haqqında dəhşətli faktlar - Fotolar
24-12-2016, 23:06
Nasizmin Avropaya və ümumilikdə bütün dünyaya vurduğu zərbələr o qədər ağırdır ki, onilliklər ötsə də, onun fəsadları hələ də tam aradan qalxmayıb. Üstəlik, ötən əsrin 30-40-cı illərinin Almaniyası ilə bağlı araşdırmalar apardıqda yeni-yeni, dəhşətli faktlar ortaya çıxır.
Moderator.az xəbər verir ki, belə faktlardan biri də Hitlerin konslagerlərindəki seks qullarla bağlıdır.
Son vaxtlar aparılmış araşdırmalar zamanı faşist həbs düşərgələrindəki "xüsusi müəssisələrin" işçiləri — həbs düşərgələri yanında fahişəxanalarla bağlı yeni faktlar aşkarlanıb.
Məlum olub ki, İkinci Dünya Müharibəsi zamanında "ictimai evlər” - əxlaqsızlıq yuvaları yalnız Vermaxtın əsgərlərinə xidmət etməyib. Fahişəxanalar həmçinin həbs düşərgələrinin dustaqlarına da xidmət göstərirmiş. Nasistlər bu yolla nümunəvi davranışla seçilən məhbusları daha yaxşı işləməyə həvəsləndirirdilər.
Konslagerlərdəki dustaqların həvəsləndirilməsinin bu növü 1942-ci ilin sonunda SS rəhbəri Henrix Himlerin xüsusi fərmanına daxil edilmişdi. Çünki artıq həmin vaxtlar həbs düşərgələrinin dustaqları müxtəlif işlərə cəlb edilirdilər. Onların arasında öz işinin əsl ustaları da vardı. Həbs düşərgələrinin rəhbərliyi öz işlərinin öhdəsindən layiqincə gələn bu məhbusları qorumağa çalışır, hətta bəzilərinə kiçik həcmli maaş da ödəyirdi.
Bu səbəbdən də bəzi məhbuslar yeməyə, siqaretə və fahişəxanalara pul xərcləyə bilirdilər. Onlar fahişələrə 15 dəqiqəlik xidmət üçün 2 marka verirdilər. Qeyd edək ki, bu imtiyazlar yəhudi məhbuslara aid deyildi.
Qaydalara əsasən, məhbuslar fahişəxanalara istədikləri vaxt gələ bilməzdilər. Bunun üçün əvvəlcə ərizə yazmaq lazım idi. Yalnız bundan sonra həbs düşərgəsinin rəhbərliyi müəyyən vaxtda "xüsusi müəssisə"yə baş çəkilməsinə icazə verirdi.
Mühafizəçi məhbusun nömrəsini və onun kirayə edəcəyi otağın nömrəsini müəyyənləşdirirdi. Fahişəxanaya ancaq axşam saat 19-dan 22-ə qədər getmək olardı. Hər otağın qapısı gözlüklə təchiz edilmişdi.
Qadınlara gəlincə, 10 "xüsusi müəssisə”də onların ümumi sayı 200-ə qədər idi. Onlar Buxenvald, Daxau, Zaksenxauzen və Auşvisdə xidmət göstərirdilər.
Hərbi fahişəxanalardakı xidmətlərə əsl fahişələr səfərbər edilmişdilər. Belə olduqda hərbçilərə Ravensbryuk və Auşvis-Birkenau həbs düşərgələrinin qadınlarını göndərirdilər.
Bunun üçün yaşı 17-dən 35-ə qədər olan qadınlar seçilirdi. Onlardan bir çoxu müxtəlif səbəblər üzündən həbs edilmişdilər. Amma indi bu ədəbsiz məşğuliyyətə könüllü razılaşmışdılar.
Həbs düşərgələrinin rəhbərliyi zöhrəvi xəstəliklərin yayılmasından qorxurdu. Buna görə fahişəxanaların bütün işçiləri müntəzəm tibbi müayinədən keçirdilər. Amma hamiləliklə bağlı problem daha asan həll edilirdi. Qadınların əksəriyyəti o qədər əldən düşmüşdülər ki, onlar ana olmaq funksiyalarını itirmişdilər. Əgər qadın hamilə olsaydı, onu abort etdirmək üçün həbs düşərgəsinə göndərirdilər.
1945-ci ildə nasizmin süqutundan sonra, "xüsusi müəssisələr"in işçilərinin çəkdikləri əzab-əziyyətləri unutdular. Çünki onlar rəsmi şəkildə həbs düşərgələrinin məhbusu hesab edilmirdilər. Cinsi zorakılığa məruz qalmış qadınların əksəriyyəti isə utandıqlarından öz keçmişlərindən danışmır, susurdular. Ona görə də heç bir seks qul zərərə görə kompensasiya almadı.
Lakin bu yaxınlarda tarixçi Robert Zommer hitlerçilərin qurbanı olmuş qadınların acı keçmişin öyrənilməsiylə məşğul oldu. Nəticədə, sadaladığımız faktlar ortaya çıxdı.