Erməni jurnalistdən maraqlı araşdırma:"2 rayon əvəzinə sərhədləri açmağı 1993-cü ildə Süleyman Dəmirəl, sonra isə Çillər təklif etmişdi"

3-01-2017, 10:38           

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın ötən ay lideri olduğu “Erməni Milli Konqresi” partiyasının qurultayındakı proqram nitqində Dağlıq Qarabağ məsələsinin tezliklə həll edilməsinin və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini bir nömrəli hədəf kimi gündəliyə gətirməsi yenidən qonşu ölkədə Türkiyə-Ermənistan sərhədlərinin hansı şərtlər daxilində açıla biləcəyi mövzusunu aktuallaşdırıb.

Xatırladaq ki, həmin proqram nitqində Ter-Petrosyan Türkiyənin Qarabağ siyasəti ilə bağlı olduqca diqqətçəkən fikirlər də səsləndirib. Məsələn, eks-prezident deyib: “…Azərbaycan və Türkiyə ilə ziddiyyətlərin aradan qaldırılması, mehriban qonşuluq münasibətlərinin qurulması ancaq bir məsələdən – Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır… Bu həqiqəti qeyd etmək lazımdır ki, Türkiyə, Azərbaycana qeyd-şərtsiz siyasi dəstəyə baxmayaraq, Ermənistana qarşı blokadadan başqa, heç bir düşmənçilik aktı tətbiq etməyib və Qarabağın ərazicə genişlənməsinə heç nəylə mane olmayıb”…

Ardınca Petrosyan onu da vurğulayıb ki, Türkiyə özünün nümayişkarənə dəstəyi ilə Azərbaycanda böyük ümidlər yaradaraq, onu kompromislərdən kənara itələyib: “Əgər Türkiyə münaqişə tərəflərindən birini dəstəkləmək əvəzinə, neytrallıq nümayiş etdirsəydi və bununla da Azərbaycanı kompromislərdən aralamasaydı, Kəlbəcərdən sonra sonuncu daha beş rayon itirilməzdi…”.

Çıxışında indi Ermənistanın qarşısında yalnız bir mühüm vəzifənin durduğunu deyən Ter-Petrosyan onun nədən ibarət olduğunu da açıqlayıb: “…Qarabağ probleminin həlli! Bundan sonra erməni-türk münasibətləri öz-özünə nizamlanacaq. Qarabağ məsələsinin isə mərhələli həlldən başqa yolu mövcud deyil. Bu gün danışıqlar masası üzərində olan təklif, faktiki olaraq, 1997-ci ildəkinin eynidir: Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusun verilməsi, əvəzində müəyyən ərazilərin qaytarılması, yekun status məsələsinin sonraya saxlanılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi…”.

Hazırda Ermənistan cəmiyyətində keçmiş prezidentin bu mövqeyi ciddi şəkildə müzakirə olunmaqda, siyasətçilər, ekspertlər səviyyəsində problemin tarixinə və müasir yanaşmalara müxtəlif reaksiyalar şəklində ortaya çıxmaqdadır.

Strateq.az xəbər verir ki, bu arada maraqlı yanaşmalardan birini “ANİ" erməni tədqiqat fondunun koordinatoru, "Qarabağ gündəliyi: yaşıl və qara" və "Araratdan baxış: ermənilər və türklər" kitablarının müəllifi, jurnalist Tatul Hakobyan sərgiləyib. O, 2012-ci ildə çap olunmuş “Araratdan baxış: Ermənilər və Türklər” kitabından Türkiyə rəsmilərinin iki rayonun işğaldan azad edilməsi müqabilində Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu barədə keçmiş xarici işlər nazirlərinin söylədiklərindən bir hissəni yenidən paylaşıb.

Həmin çıxarışda xeyli maraqlı detallar olduğundan, onu Strateq.az oxucularına təqdim etmək qərarına gəldik:

***

Tatul Hakobyan

… 2011-ci ildə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın "Azq" qəzetinə müsahibəsində iki rayonun geri verilməsi müqabilində sərhədləri açmaq təklifi barədə danışmışdı. Davudoğlu qeyd edirdi: "Biz prezident Serj Sarkisyandan, həmçinin həmkarım Nalbandyandan jest olaraq Azərbaycanın işğal altındakı rayonlarından, heç olmasa, bir-ikisinin boşaldılmasını dəfələrlə istəmişik. Məsələn, Füzuli və Ağdamın. Bu halda Bakı da öz sərhədlərini açmağa razılıq verərdi. Amma Ermənistan bundan imtina edib".

İki rayon müqabilində sərhədlərin açılması Türkiyə-Ermənistan protokollarının iflasından sonra gündəmə gəlsə və yeni ideya olaraq səslənsə də, əslində Ankaranın iki rayon təklifi 1993-cü ildən irəli sürülüb. Ümumiyyətlə, Ermənistanın müstəqilliyinin bərpasından sonra Türkiyə hakimiyyətində təmsil olunmuş bütün xarici işlər nazirləri, baş nazir və prezidentlər mətbuata açıq bəyanatlarında və danışıqlar masasında iki ölkə münasibətlərinin bərpası üçün istisnasız şəkildə Yerevanın rəsmi Bakıya ərazi güzəştini şərt olaraq irəli sürüblər.

1993-96-cı illərdə Ermənistanın xarici işlər naziri olmuş Vahan Papazyan bu müddətdə Türkiyə tərəfindən beş fərqli xarici işlər naziri ilə görüşüb. Onun sözlərinə görə, rəsmi Ankara ikitərəfli münasibətlərin bərpasında maraqlı olub və bununla bağlı ciddi səy göstərib.

Papazyana görə, ən önəmli nailiyyət “Türkiyənin Ermənistanı müstəqil dövlət kimi tanıması” idi: “Hikmət Çətin, Soysal, İnönü, Baykal və Çillərlə görüşlər olduqca səmimi idi. Sərhədlərin açılması və ikitərəfli münasibətlərin bərpası üçün Türkiyənin ovaxtkı tələbləri bugünkündən daha az idi. Amma onların (Türkiyənin xarici işlər nazirlərinin-red.) nə qədər ciddi olduqlarını deməkdə çətinlik çəkirəm. Lakin xatırladığım bir element, bəlkə, məsələyə azca işıq tuta bilər. 1996-ci ilin oktyabr ayında Türkiyənin BMT-dəki nümayəndəliyində Tansu Çillərlə görüşdük. Çillər açıq şəkildə iki işğal altındakı rayondan çəkildiyimiz anda, sərhədləri açacaqlarına söz verdi. Çillərdən rəsmi təmaslar üçün vaxt istədim və sonra bu məsələni Prezident Ter-Petrosyanla dərhal müzakirə etdim. Ter-Petrosyanla müzakirə sonrasında Çillərin təklifini qəbul etməyəcəyimizə iki səbəbə görə qərar verdik.

Birincisi, bu addımı atacağımız təqdirdə əlimizdə heç bir zəmanətə sahib deyildik.

İkincisi isə, bizdə belə təəsürat var idi ki, türklər sadəcə bizim reaksiyamızı yoxlamaq üçün belə bir təklif irəli sürüblər. Niyyətləri bizim Dağlıq Qarabağ məsələsində nə qədər güzəştə hazır olmağımızı yoxlamaq idi.

Daha sonra biz Çillərə bu barədə fikrimizi bildirmədik və sonra isə mən artıq xarici işlər naziri vəzifəsindən uzaqlaşdım”.

Digər xarici işlər naziri olmuş Aleksandr Arzumanyana da bu hekayə tanışdır. Arzumanyan eyni mövzunu Tansu Çillərlə 1997-ci ilin 7 fevral tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin xarici işlər nazirlərinin görüşündə müzarkirə etmişdi.

Arzumanyan xatırlayır: “Çillər bildirib ki, simvolik olaraq iki rayondandan geri çəkiləcəyiniz təqdirdə, bizim Azərbaycan tərəfinə sərhədləri açacağımızı deməyə səbəbimiz olacaq. Daha sonra Fransanın xarici işlər naziri Erve de Şaret məsələyə qarışdı və Yerevana səfər etdi. O, bu təklifdən olduqca həyəcanlanmışdı və deyirdi ki, bu, yeni ideyadı. Mən onu hava limanında qarşıladım və o, dərhal dedi ki, türklərlə razılığa gəlib, əgər biz iki rayondan geri çəkilsək, Ankara sərhədləri dərhal açacaq (Xatırladaq ki, Erve Şaret 2 aprel 1997-ci ildə Yerevana səfər etmişdi – Strateq.). O, hər halda, bizdən “necə də möhtəşəm təklifidir” reaksiyasını gözləyirdi. Bizsə ona izah etdik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin öz məntiqi var və bu da bütün məsələlərin razılaşdırılmasından asılıdır”.

Arzumanyan xatırladır ki, eyni təklifi 1993-cü ilin sonlarında Süleyman Dəmirəl Jerar Libardiyana – Levon Ter-Petrosyanın müşavirinə təklif etmişdi: “Həmin vaxt təklifi dərhal geri çevrmişdik. Çünki müharibə davam edirdi və Türkiyə sadəcə bizə təzyiq göstərməyə çalışırdı, Minsk Qrupunun üzvü olaraq Azərbaycanın maraqlarını müdafiə edirdi. Eyni zamanda bizim mövqeyimiz belə idi ki, hər vasitəçinin vəzifəsi tamamilə yeni təkliflərlə çıxış etmək olmalıydı və münaqişənin həlli vahid, hərtərəfli mexanizmlə tənzimlənməli idi”.

Arzumanyanın sözlərinə görə, hətta iki rayondan geri çəkiləcəyimiz təqdirdə, Türkiyənin sərhədləri açmaq yerinə, yeni tələblərlə qarşımıza çıxacağına inanırdıq: "Ona görə də, bizə bu təklif təkrarlananda, iki rayondan geri çəkilmək yerinə, 1997-ci ildən etibarən başqa bir qarşı təklif irəli sürdük. Naxçıvanın üzləşdiyi çətin sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, təklif etmişdik ki, Türkiyə humanitar köməkliyi Ermənistan üzərindən Yerevan-Naxçıvan dəmir yolu ilə göndərsin. Bu, Türkiyəyə imkan verərdi ki, Qars-Gümrü dəmir yolunu təkrar istifadəyə açsın və bu yollarla Naxçıvana humanitar yardımlar edə bilsin. Lakin Türkiyədə hökumət və nazirlər tez-tez dəyişirdi. Buna görə də bu kimi məsələlərdə razılığa gəlməyə kifayət qədər vaxt qalmırdı. Elə ona görə də, Naxçıvan dəmiryolu məsələsində irəliləyiş əldə edə bilmədik. Amma bu, Türkiyə ilə sərhədlərin açılması istiqamətində irəliləyiş yarada bilərdi"…

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.