“Elə otur ki, düz ürəyindən vurum öləsən”- uşağının gözü qarşısında ananı ürəyindən vurdu
10-01-2017, 23:06
Qeyri-rəsmi münasibətdə yaşadığı qadını ürəyindən bıçaqlayan 52 yaşlı şəxs məhkəmə qarşısına çıxarılıb. Həbs edildiyi gündən törətdiyi əmələ görə peşman olmadığını deyən Bəxtiyar Məmmədov məhkəmədə 15 il birlikdə yaşadığı qadını öldürmək məqsədinin olmadığını söyləyib.
“Əgər səni öldürmək istəsəydim elə oradaca öldürərdim”- deyə məhkəmədə Bəxtiyar Məmmədov bıçaqladığı Aytəkin Qüdrətova deyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinyətlər Məhkəməsində 1966-cı il təvəllüdlü Məmmədov Bəxtiyar Məmmədhəsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Aytəkin Qüdrətova ifadə verib. Proses başlamadan əvvəl A.Qüdrətova təqsirləndirilən B.Məmmədova qarşı qəzəbini gizlədə bilməyib. Onu təhqir edərək bu əməlinin səbəbini soruşub.
“Niyə məni bıçaqladın, ay şərəfsiz? İndi də yaramdan çirk axır. Bir tərəfim işləmir”- deyə zərərçəkmiş B.Məmmədova deyib.
Məhkəmədə ifadə verən Aytəkin Qüdərtova deyib ki, B.Məmmədovla təxminən 15 il əvvəl tanış olublar. Rəsmi nigahları olmasa da həmin vaxtdan bir evdə yaşamağa başlayıblar.
Bu münasibətdən bi qız övladlarının olduğunu söyləyən A.Qüdrətova əvvəlki həyat yoldaşından iki oğlan övladının olduğunu da qeyd edib.
“Kül olaydı mənim başıma”
B.Məmmədovla tanışlığından indi də peşimançılıq çəkən A.Qüdrətova ona lənət oxuyub: “Bəxtiyarı 15 il əvvəl tanıdım. Kül olaydı mənim başıma ki, bu adamı tanıyıb, qəbul elədim. İndi də peşimanam. Dəfələrlə döyülmüşəm, hər təhqiri eşitmişəm”.
B.Məmmədovun daha əvvəl də məhkumluq həyatı yaşadığını deyən Aytəkin Qüdrətova həmin zaman onu atmadığını deyib: “Narkotik istifadəsinə görə tutuldu. Onda uşağımız 6 aylıq idi. Bəxtiyar həbs ediləndən sonra onun ailəsi məndən xahiş etdilər ki, uşağı onlara verim. Mənə kömək məqsədi ilə uşağa baxmaq istədiklərini dedilər. Mən də uşağı tez-tez görürdüm. Özüm xadimə işləyirdim. Qazandığım pulla da Bəxtiyar həbsdə olanda onun arxasınca getmişəm. Amma məlum oldu ki, bunun ailəsi uşaqdan istifadə edirlər. Onlar fikirləşiblər ki, uşaq onlarda olduğu üçün mən Bəxtiyarı atmayacam, onun arxasınca gedəcəm. Bəxtiyar həbsdən çıxandan sonra da münasibətlər düzəlmədi. Mən dəfələrlə ayrılmaq təklifi etdim. O, məni hədələyirdi, uşaqdan istifadə edirdi”.
A.Qüdrətova B.Məmmədovla münasibətlərindən olan övladlarının fiziki qüsurlu olduğunu və hazırda B.Məmmədovun atasıgildə yaşadığını deyib.
“Şərəfsiz məni yarımcan etdi”
Restoranlardan birində xadimə işləyən A.Qüdrətova bildirib ki, bıçaq yarası aldıqdan sonra səhhətində ciddi problemlər yaranıb və hazırda işləməkdə çətinlik çəkir: “Sol tərəfim demək olar ki iflic olub. İndi də aldığım yaraya görə müalicə alıram. Yaramdan hər gün çirk axır. Bu vicdansız, alçaq, şərəfsiz məni yarımcan etdi. İndi mən yetimlərimə baxmaqda çətinlik çəkirəm. Axı sən məni niyə bu vəziyyətə saldın, ay insafsız? Mən sənə nə etmişdim? Səni heç vaxt bağışlamaram”.
Hadisə baş verən gün yaşananları danışan Aytəkin Qüdrətova söyləyib ki, B.Məmmədov onu qızının gözləri qarşında bıçaqlayıb: “Həmin gün evdə idik. Yanımda da qardaşımın arvadı var idi. Bəxtiyar qızımla birlikdə evə gəldi. Mənimlə mübahisə etmək üçün bəhanə axtarırdı. Mənə “niyə uşağı öpmürsən?” dedi. Cavab vermədim. Sonra başladı mübahisə etməyə. Elə mətbəx bıçağı da stolun üstündə idi. Uşağı qapıdan çölə çıxardı. Qapı açıq qaldı. Qızım qapının arasında baxırdı. Məni divana itələyib bıçaqla vurdu”.
Məhkəmədə A.Qüdrətovadan soruşulub ki, B.Məmmədovun ona daha çox bıçaq zərbələri endirmək imkanı olubmu?
“Düz otur ki, ürəyindən vurum öləsən”
Suala cavab olaraq A.Qüdrətova deyib ki, B.Məmmədov onu öldürmək məqsədi ilə vurub: “O, məni öldürmək istəyirdi. Əgər öldürmək istəmirdisə, niyə qolumdan, ayağımdan və ya başqa yerimdən vurmadı? Adamı ürəyindən niyə vursunlar ki? Həm də o mənə sonra da zərbə vurmaq istəyirdi. Amma qardaşımın arvadı onu itələyib otaqdan çıxardı. Səs-küy oldu, getdi. Məni dəfələrlə döyüb, təhqir edib. Neçə dəfə deyib ki, səni öldürəcəm. Həmin gün də mənə dedi ki, “divanda yaxşı otur. Düz otur ki, ürəyindən vurum öləsən”. Məqsədli şəkildə məni vurub”.
Zərərçəkmiş şəxs həmin müddət ərzində qızına baxmaması və indi də qızının onun yanaında olmaması haqda suallara cavab verib. A.Qüdrətova deyib ki, B.Məmmədov onu fiziki qüsurlu olan qızı ilə həmişə şantaj edib, ondan istifadə edib: “Bu vicdansız xəstə uşağı dəfələrlə döyüb. Hətta kirayədə yaşadığı evin sahibi də bu məsələyə görə onunla dalaşıb. Uşağı elə döymüşdü ki, bir tərəfi göyərmişdi. Qızı rayona- Astaraya atasıgilin evinə aparmışdı. İndi də ordadır. Məndən əl çəkmirdi. Onunla yaşamağa, tanış olmağa peşiman idim. Deyirdim ki, məndən əl çək, ayrılaq. O, uşaqdan istifadə edib, məni şantaj edirdi. Atasının evinə də gedib, ondan ayrılmaq istədiyimizi dedim. Mənə əxalqsız, küçə qadını deyirdi. Deyirdim ki, yaxşı, eləyəmsə, əl çək məndən. Get öz həyatını yaşa, mən də öz həyatımı. Mənim iki oğlum var. Qızıma da baxaram. Amma əl çəkmirdi. Həyatımı məhv edib. Öz həyatımı yaşayıb, uşaqlarıma baxırdım”.
“Artislik eləmə”
Məhkəmədə Bəxtiyar Məmmədova da söz verilib.
O, Aytəkin Qüdrətovanı öldürmək istəmədiyini və onun yalan danışdığını deyib: “Əgər səni öldürmək istəsəydim elə oradaca öldürərdim. Əlimdən də alan olmazdı. Bu günə qədər artislik edib, özünü biabır eləmisən. Bundan sonra artislik eləmə”.
Qeyd edək ki, B.Məmmədov barəsində tutduğu əmələ görə 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
İ.Muradov
Musavat.com