Mayn kampf
30-07-2015, 21:56
Mirzə Sakitin kürəkəni Tariyeldən aldığım müsahibə ilə bağlı əziyyət çəkib fantaziya quranlara kiçik bir açıqlama vermək gərəkdi, deyəsən. 12 ilim Xaqani 33-də keçib. Zahidləri uşaqdan-böyüyə tanıyıram. Qənimət Zahid necə redaktor idi, bu ailənin başından nə keçib - hamısını yaxşı bilirəm. Mühacirət dönəmlərini də gözümlə görmüşəm. Mirzə Sakitlə də çoxdan tanışıq. Qənimət bəy ona “Azadlıq”da iş, “Sarvanın otağı”nın arxasında xəlvətə çəkilib şeirlərini yazması üçün balaca künc verəndən. Sonra nələr olub, onlardan da xəbərim var - yeri gəlib Qənimət bəy danışıb, yeri gəlib Mirzə.
O gün Mirzə facebook-da yazanda ki, kürəkənim qardaşının həbsi ilə bağlı danışmaq istəyir, bir qəzetçi, ailəni tanıyan bir adam kimi dedim, buyursun. Tariyeli məktəbi qurtarıb “Azadlıq”da fotoqraf işləməyə başladığı günlərdən tanıyıram. Qardaşı haqsız yerə həbs edilən, xaricdə qalıb bağrı çatlayan, əli heç yerə çatmayan tanıdığım birisinə deyəydim, danışma?
“Yeni Müsavat”da ürəyimdən nə keçib, necə keçib onu yazmışam. Bütün qəzetçilik təcrübəmdə də eləcə. Avqustda qəzetçilikdə 24-cü ilimi tamamlayıram. Bugünə qədər nəyin altına imza qoymuşamsa nöqtəsinə, vergülünə qədər mənimdi. Yaşayışını sifarişlə adam söyməkdən qazananlar bunu anlamaz.
“Hurrey” deyib “Yeni Müsavat”ın, Rauf Arifoğlunun üstünə cumanlar düşünmək qabiliyyətlərini tamamilə itirməyiblərsə, bir ayaq saxlasınlar. Rauf Arifoğlu bu müsahibədən hazırlanandan sonra xəbər tutub – Bakıda deyil. İnternet üzərindən “Türkiyəni təcili işləmək lazımdı” yazdı, dedim, əlimdə yazım var, soruşdu nədi, dedim, Mirzə Sakitin kürəkəninin, həbs olunanın qardaşının müsahibəsi, yazdı, “ok”. Bu qədər...
İndi baxıram, biri yazıb, Rauf Arifoğlunun məqsədli sifarişidir, biri yazıb, müsahibəni Mirzə Sakit verib, kürəkənin adına çıxırlar, ardınca da özlərinə yaraşan sözcüklər... Bu “məntiq”lə yazımı oxuyandan sonra “Rauf Arifoğlu yazıb” şüvəni qoparsalar, təəccüb eləmərəm.
Qınamıram, belə yazanların iş prinsipini çoxdan bilirik. “Yuxarı” deməsə, hədləri nədir nəsə yazalar? Qınadıqları, söydükləri hakimiyyətin iş prinsipini ən gözəl şəkildə mənimsəyiblər. Ona görə də bizləri öz arşınları ilə ölçürlər. Amma biz sizin arşınınıza sığmarıq. Çünki o arşın qəzetçiliyə yaramır, siyasi təşkilat üçündür. Qəzetçiliyin “arşını” bütün tərəflərə söz haqqı verməyi tələb edir. Siz bunu lap çoxdan unutmusuz... O qədər unutmusunuz ki, artıq qəzetçiliklə siyasətin sərhədlərini müəyyən eləməyi də bacarmırsınız. Sizin qəzetdə ancaq siyasi liderinizin “aşiqləri” yaza, danışa bilər.
Əgər xəbərin qiymətini anlasaydınız, həmin müsahibədə Zahidlərə tutulan divan səhnəsinin aydın təsvirini görər, “Yeni Müsavat”a yox, bu qanunsuz həbsin sifarişçilərinə yüklənərdiniz. Əmisi hakimiyyəti sərt tənqid etdiyinə görə, gənc bir adamı həbs ediblər, ailənin daha 2 üzvü haqsız yerə tutulub, digər ikisi axtarışdadır, polis evdə axtarış zamanı Qənimət bəyin və Mirzə Sakitin 85 yaşlı anasını yıxıb, qadının üzü çapılıb, qohum-əqrəba qorxusundan görüntülü danışığa çıxmır, çarəsiz-əlacsız qalıblar – faciə burdadı. Yazdıqlarınızda həbs faktına etiraz etməkdən, bu əməlin sahiblərindən qanunsuzluğa son qoymağı tələb etməkdən çox “Qənimətə niyə elə deyirsiz” davası var. Yazıq sizə...
“Bizim” düşərgənin “iç savaşlar”ı məni həmişə ağrıdıb. Bu savaşlarda çox itirmişik. Müxalifətçiləri sanki bir quyuya atıblar, hamı o quyuda cırmaqlaşır. Cənablar, cırmaqlaşmaq yox, o quyudan çıxmağın yolunu tapmaq lazımdı. Quyudan çıxmaq istəyənin ayağından çəkib “gəl bizimlə öl” demək, yol deyil.
Dekabrın 24-də - “Azadlıq”ın ad günündə “köhnə uşaqlar” yığışmışdıq. Məclisdəkilərin çoxu “Azadlıq”ın II Qızıl Dövrünü görənlər idi. I Qızıl Dövr rəhmətlik Nəcəf Nəcəfovun qəzetə rəhbərlik etdiyi illər olub. O günləri yada salıb xeyli təəssüfləndik - ölkədə əl-əl gəzən qəzetin kiçik bir firqə qəzetinə dönüşü hamımızı ağrıdır...
Didişməyin, özünüzü qoruyun. Qənimət bəydən də arxayın olun. Fransa onu qoruyur.
AYGÜN MURADXANLI