Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaşdır

16-04-2025, 16:59           
Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaşdır
Apreli 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ölkəmizə rəsmi səfərə gəlib. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək.
Gürcüstan ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Amma o illərdə iki ölkə arasındakı əlaqələr möhkəm deyildi. Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlmələrindən sonra bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub. Belə ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbayncan səfirliyi açılıb. Gürcüstan ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinə və həyata keçirilən neft strategiyasına öz töhfəsini verib. Bu mənada ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib.
Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirilib. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq genişlənməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir.
Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Ölkə başçımız bildirib ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir.
Dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.
Prezident İlham Əliyev vurğulayıb ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.
Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır, bu rəqəmlər getdikcə artacaq Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Prezidentin qeyd etdiyi kimi, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı qonşuluq strategiyası bu gün Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Azərbaycanın timsalında bir örnəyə çevrilib. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.