İki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafıni sürətləndirən səfər
16-04-2025, 17:47

Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ölkəmizə ilk rəsmi səfərinə gəlib. Ertəsi gün Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərə gələn Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycanın dövlət başçısı ilə təkbətək görüşü olub. Görüşlərin yekununda Prezident İlham Əliyev və Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub. İki dövlət arasında bir çox sahələr üzrə əməkdaçlıq günü-gündən artmaqdadır.
Prezident İlham Əliyev görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır.
Prezident İlham Əliyev bildirib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.
Nəqliyyat, enerji layihələri üzrə birgə həyata keçirilən infrastruktur layihələri çox böyük əhəmiyyət daşıyır və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması çox böyük nailiyyətlərdən biridir.
Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
Gürcüstan və Azərbaycanın birgə səyləri ilə iqtisadi müstəqilliyi təmin etməklə yanaşı, həm də bölgə və bütövlükdə Avrasiya qitəsi üçün çox mühüm dövlətə çevriliblər, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadırlar.
Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Beləliklə də, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki dövlət arasında dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafına kömək olacaqdır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru