Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini

Dünən, 07:14           
Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
Son zamanlar Almaniyanın Cənubi Qafqazda səyləri artıb. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu yaxınlarda Ermənistana və Azərbaycana əlamətdar anlarla yadda qalan səfəri buna sübutdur.

Ştaynmayerin İrəvana səfəri Avropa İttifaqının (Aİ) Ermənistanla əlaqələri gücləndirmək niyyətində olduğunu göstərir. İrəvanın Moskva ilə son “flörtləri” Brüsseli açıq-aşkar qorxudub və Ştaynmayerin səfəri Ermənistan hakimiyyətini Aİ-nin davamlı dəstəyinə əmin etmək məqsədi daşıyıb.

Ermənistana dəstək verməkdə davam etmək üçün isə, məlum şəraitə görə, Almaniya Azərbaycana hücumlar etməlidir. Ştaynmayerin Qarabağla bağlı rəsmi “Instagram” səhifəsində separatçıların “bayrağı”nın fotoşəkili ilə müşayiət olunan qalmaqallı paylaşımı bununla izah olunur. Bununla əlaqədar Almaniyanın səfiri Ralf Hörlemann Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib.

Bundan sonra qalmaqallı yazı silinib və Almaniya Prezident Administrasiyası Azərbaycan tərəfindən üzr istəyib. “Bayrağın” görüntülənməsi texniki səhv adlandırılıb.

Bundan əvvəl Almaniyanın federal hökuməti tərəfindən maliyyələşdirilən “Deutsche Welle” beynəlxalq yayım şirkətinin platformasında tamaşaçılara Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə təhrif olunmuş məlumatların təqdim edildiyi anti-Azərbaycan filmi nümayiş etdirilib. Hətta iş absurd həddinə çatıb: azərbaycanlı qaçqınların görüntüləri “Qarabağdan qovulmuş ermənilər” kimi yayılıb. Eyni zamanda, etnik azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi şəkildə qovulması barədə bir kəlmə də yoxdur.

Bütün bu hərəkətlər Ştaynmayerin regiona səfərinin məqsədinin Cənubi Qafqazda uzunmüddətli sabitliyi və sülhü dəstəkləmək olduğunu və bu səfəri ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək siqnalı vermək istədiyi barədə bəyanatlarının məntiqinə sığmır.

Ştaynmayer Bakıda olarkən Berlinin Qarabağın Azərbaycan ərazisi olduğunu bildiyini və tanıdığını açıq şəkildə bildirsə də, aprelin 13-də Almaniyanın Birinci Dövlət Telekanalında “Weltspiegel” televiziya proqramının bir hissəsi olaraq “Armenien: Ringen um Identität und Hoffen auf Frieden” (“Ermənistan: İdentifikasiya uğrunda mübarizə və sülh ümidi”) başlıqlı reportajın yayımlanması müəyyən düşüncələrə gətirir.

Belə ki, materialda qeyd olunur ki, “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir, lakin ermənilər burada uzun müddət yaşayıb və illərdir müstəqillik uğrunda mübarizə aparıblar”. Daha sonra qeyd edilir ki, “iki il əvvəl Azərbaycan Qarabağı nəzarətə götürüb və yüz minlərlə erməni qaçmağa məcbur olub”. Materialda təcavüz nəticəsində Ermənistanda və Qarabağda yaşayan etnik azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığı qeyd olunmur.

Gördüyümüz kimi, “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir”, “Qarabağ erməniləri müstəqillik uğrunda vuruşdular”, “Azərbaycan Qarabağ üzərində nəzarəti bərqərar etdi” kimi verilişin mətnində ermənipərəst mövqe özünü büruzə verir. Azərbaycana qarşı hərbi təcavüz, etnik azərbaycanlıların qovulması, Xocalı soyqırımı haqqında bir kəlmə də olsun yoxdur. Obyektivlik naminə hesabat müəllifləri Azərbaycanın mövqeyini səsləndirə bilərdilər, lakin onlar Qarabağı tərk etməyə məcbur olan “yüz minlərlə” erməniyə yalnış rəğbət nümayiş etdiriblər.

Bu, artıq son vaxtlar Azərbaycana qarşı üçüncü təxribatdır. Ştaynmayerin Bakıya səfəri zamanı Berlinin Qarabağın Azərbaycanın ərazisi olduğunu bildiyini və tanıdığını deməsi Almaniya hakimiyyətinin addımları ilə ziddiyyət təşkil edir. Aydındır ki, Almaniyanın “Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləmək” cəhdləri qərəzli və neytrallıqdan uzaqdır. Razılaşın ki, üç təxribat hadisəsi artıq təsadüf ola bilməz...

AYNA.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.