"AZAL"ın bileti üçün 30 manat əlavə ödəniş alınır?

Dünən, 09:38           
"AZAL"ın bileti üçün 30 manat əlavə ödəniş alınır?
AZAL-ın Naxçıvana yetərli sayda təyyarə reysi ayırmaması, aeroprtlarda yenidən uzun növbələr yaradıb.

Bu sıxlıqdan istifadə edən hava limanı rəhbərliyi isə hər biletdən əlavə pul qazanmaq üçün yeni üsul icad edib.

Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup sərnişin məlumat verib.

Sərnişinlər deyirlər ki, hər reys öncəsi bilet almaq üçün hava limanında növbə siyahısına yazılmalıdırlar. Aeroportda biletlər məhdud olduğundan, yalnız siyahının önündə olanların şansı gətirir. Bu şansı əldə etmək istəyənlər isə 30 manat rüşvət ödəməli olurlar. Növbəsini gözləyənlər də günlərlə hava limanında qalmalı olurlar.

Yerli sakin Namiq Əliyev, bir gün hava limanında növbə gözlədikdən sonra əlacsız qalıb, 30 manatla razılaşdığını bildirir:

“Aprelin 10-da iş üçün təcili Bakıya gəlməli idim. Hava şəraiti münasib olmasa da, uçuşlar normal şəkildə həyata keçirilirdi. Qanuni reyslərdən əlavə bir neçə reys də var idi. Lakin sərnişin sıxlığı yerində qalır. Növbəyə yazılarkən, deyirlər ki, artıq növbədə yüzdən çox adam var. Mən 120-ci adam yazıldım. Baxdım, 3 reys uçub, amma hələ də mən yerimdə idim. Növbədə dayananlardan 20-30 nəfər yola salındı. Öyrəndim ki, növbənin əvvəlinə adını yazdırmaq üçün 30 manat rüşvət verməlisən. Mən də məcbur olub, bu məbləği verib, biletimi aldım. Tələsirdim deyə, başqa əlacım olmadı.”
Növbənin pulla satılması təkcə Naxçıvan hava limanında baş vermir. Aprelin 12-də Bakıdan Naxçıvana uçmaq istəyən Fərəc Qasımov da eyni problemlə üzləşib:

“Naxçıvanda təcili işim çıxdı. Onlayn bilet ala bilmədim. Aviakassada da bilet olmadığını bildirdilər. Hava limanına getdim, dedilər ki, növbə var. Növbədə 134-cü adam yazıldım. Gözləyənlərin sayı az idi. Dedilər ki, özümüz çağıracağıq. Bir neçə reys getdi, çağıran olmadı. Maraqlandım, dedilər ki, 30 manat ver, növbəni qabağa salaq. 30 manat verdim, növbəti reysə bilet ala bildim. Maraqlısı o idi ki, aviakassada, hava limanında bilet yoxdur deyib, bilet alanları növbəyə yazıb gözlətməklərinə baxmayaraq, təyyarə uçarkən 15-20 boş yer vardı. Artıq 90-cı illərə qayıdılır. Hər kəs öz bildiyini edir, sərnişinlərə əziyyət verib, pul qazanırlar.”

Məsələ ilə bağlı AZAL-dan heç bir açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, Bakı- Naxçıvan, Naxçıvan – Bakı istiqamətində uçuşlar həyata keçirən təyyarələrə bilet tapılmaması görə yaranan problem davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.