Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...

Dünən, 00:10           
Bakıda ev ala bilmək üçün “yemədən-içmədən”  189 ay işləmək lazımdır - AL SƏNƏ...
Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əməkhaqqına (Bakı üzrə) nisbəti 189 ay və ya 15,7 il təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2024” adlı hesabatda yer alıb.
Məlumat üçün bildirək ki, Bakı Şəhər Statistika İdarəsinin ötən il üçün açıqladığı sonuncu məlumata görə, paytaxtda orta aylıq nominal əmək haqqı 1 255,5 manat olub. Bu isə o deməkdir ki, Bakı şəhərində evlərin orta satış qiyməti 237 290 manat təşkil edir (1 255,5 x 189 = 237 289,5 manat).
Hesabatda həmçinin qeyd edilir ki, 2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələyib. Belə ki, ötən ilin sonu ilə müqayisədə mənzil qiymətləri 9,9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5,9% olub.
Açıqlanan bu statistika onu göstərir ki, əgər artım tempi növbəti illərdə də bu cür davam edərsə, insanlar üçün ev almaq mümkünsüz olacaq. Çünki mənzil qiymətlərinin artım tempinin sərəncamda qalan gəlirlərin artım tempini üstələməsi, vətəndaşların ev alma imkanlarını əlindən almış olur.
Məsələn, 2023-cü ildə bir evin qiyməti 100 000 manat idisə, ötən il bu evin qiyməti 109 900 manat olub. Paralel olaraq, 2023-cü ildə bir vətəndaşın əlində ayın sonunda 1 000 manat qalırdısa, ötən il bu məbləğ 1 059 manat olub. Yəni, vətəndaşın əlində qalan vəsait artsa da, ev qiymətləri daha sürətlə artır. Belə olan halda isə vətəndaşın ev almaq imkanı olmur.
Onu da qeyd edək ki, Mərkəzi Bankın açıqladığı “Maliyyə Sabitliyi – 2024” adlı hesabatda vətəndaşların ipoteka krediti ilə ev almaq imkanlarının mövcud olduğu da vurğulanıb. Hesabatda qeyd olunur ki, mənzil bazarında qiymət artımına baxmayaraq, əhalinin sərəncamda qalan gəlirləri ipoteka kreditləşməsinə müəyyən qədər imkan yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.