Dərman mafiyası hökumətə qalib gəldi - qiymətlər cəmi 2 qəpik endi

3-08-2015, 12:05           
Dərman mafiyası hökumətə qalib gəldi - qiymətlər cəmi 2 qəpik endi
Bir sıra xidmət sahələrində qiymətlərin baha olmasından narazılıqlara ölkə başçısının müdaxiləsindən sonra hökumət müəyyən addımlar atmağa çalışır. Ötən gün Tarif Şurasının bəzi dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair qərarı da buna bir nümunə oldu. Lakin Şuranın təqdim etdiyi siyahı cəmiyyətdə heç də birmənalı qarşılanmayıb .

“Strateq.az” qiymətləri ucuzlaşdırılacaq (bu qərar sentyabrın 15-dən qüvvəyə minəcək) dərmanların siyahısını analiz edərək, bəzi məqamları üzə çıxarıb. Məlum olub ki, sənəddə, rəsmi açıqlamalarda deyildiyi kimi, heç də “əhalinin gündəlik istifadə etdiyi və ya daha çox aldığı dərmanlar”ın adları qeyd olunmayıb. Siyahıda daha çox antibiotiklər yer alıb. Onların istifadəsi geniş yayılsa da, fəsadları çox olduğundan, vətəndaşlar son vaxtlar həmin dərmanları almaqdan imtina edirlər. Ona görə də bu ucuzlaşma əhalinin böyük əksəriyyətinin ürəyincə olmayıb.

Bahalı qiymətlər dəyişmədi

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə 25 təsiredici maddə üzrə 256 dərman vasitəsinin qiyməti təsdiq edilib. Siyahıya diqqət edərkən, orada 60-80, bəzən, 100 manata satılan dərmanların adına rast gəlmədik. Həmin kateqoriyaya aid olan cəmi bir dərman - Kipr istehsalı olan “Selekasin” adlı iynənin qiyməti yarıbayarı azaldılıb. Hazırda 66-86 manata satılan həmin dərman sentyabrdan 41 manat 86 qəpiyə təklif ediləcək.

Ucuzlaşdırılan dərmanlar siyahısında daha çox 4-6 manata və daha aşağı qiymətə satılan preparatların adlarına rast gəlmək mümkündü. Buraya 50 manatdan baha satılan cəmi iki dərmanın adı salınıb. Ukrayna istehsalı olan “Proneyro” adlı iynənin 10 ampulasının və eyni adlı dərmanın məhlulunun qiyməti hazırda apteklərdə 50 manat 50 qəpik - 60 manat 60 qəpik arasında dəyişir. Yeni qiymətlər tətbiq edildikdən sonra həmin iynə, təxminən, 3 dəfə ucuz olacaq, cəmi 16 manat 04 qəpiyə satılacaq. Vətəndaşlar “Proneyro” məhlulunu isə daha ucuz -7 manat 28 qəpiyə ala biləcəklər.

Bahalı hesab edilən digər bir preparat – Macarıstan istehsalı olan “Torvazin” isə daha çox ucuzlaşacaq. Belə ki, hazırda 36 - 43manata satılan həmin dərman sentyabrda 6-7 dəfə ucuz olacaq. Adıçəkilən tabletkanın 30 ədədi cəmi 6 manat 46 qəpiyə satılaçaq. ABŞ istehsalı olan “Liprimar” tableti də, təxminən, 3 dəfə ucuzlaşaraq 10 manat 42 qəpiyə olacaq. Hazırda həmin dərmanın qiyməti 35-43 manat arasında dəyişir.

Bəzi dərmanlar 2-3 dəfə ucuzlaşacaq

Bunlarla bərabər, satışı nisbətən ucuz olan dərmanların qiymətində də kəskin azalma müşahidə ediləcək. Məsələn, hazırda 13-17 manat satılan “Qaston” (Argentina istehsalı) adlı tabletin 28 ədədi cəmi 1 manat 46 qəpiyə olacaq. “Lukastin” tableti isə 8 manat 46 qəpiyə ala biləcəklər. İndi həmin dərmanın qiyməti 18-24 manat arasında dəyişir. Hazırda 8-11 manata satılan Macarıstan istehsalı “Levozin” siropu sentyabrdan yarı qiymətə - 4 manat 25 qəpiyə təklif ediləcək. Eyni adlı tabletin qiyməti isə cəmi 2 manat 28 qəpik olacaq. İndi bu dərman 7-8 manata satılır. Qiyməti kəskin ucuzlaşdırılan dərmanlar sırasında Türkiyə istehsalı olan “Karum-Sanovel” və “Karvent” adlı tabletlərin də adı var. Hazırda müvafiq olaraq 23 manat 75 qəpiyə və 22 manat 65 qəpiyə satılan bu preparatları istifadəçilər sentyabrdan cəmi 6 manat 12 qəpiyə ala biləcəkər.

“2 qəpiklik” ucuzlaşma

Yeni qiymət siyahısında gülməli rəqəmlərə də rast gəlmək mümkündü. Siyahıda yer alan bir çox dərmanların qiyməti 1-2 qəpik aşağı salınıb ki, bu da ucuzlaşmanın yalnız gözdən pərdə asmaq anlamına gəldiyini söyləməyə əsas verir. Onların sırasında “Levoksimed” (indi 6 manat 80 qəpik, yeni qiyməti 6 manat 78 qəpik ), “Diflukan” iynə (indi 11 manat 40 qəpik, yeni qiyməti 11 manat 36 qəpik), “Difungin” 1 A ( indi 7 manat 50 qəpik, yeni qiymət 7 manat 49 qəpik ), “İtamidol” dəri üçün köpük (indi 8 manat 40 qəpik, yeni qiyməti 8 manat 36 qəpik), “Dikloberl retard” kapsula (indi 3 manat 80 qəpik, yeni qiymət 3 manat 76 qəpik ) və digərlərinin adlarını qeyd etmək olar.

Vətəndaşlarla söhbətlərdən, eləcə də sosial şəbəkələrdəki rəylərdən belə anlaşılır ki, onlar bu dəyişiklikdən heç də razı deyillər. Elə siyahıdan çıxardığımız nümunələr də göstərir ki, dərman preparatlarının qiymətinin aşağı salınması “AZAL” QSC-nin məlum endirimlərindən heç nə ilə fərqlənmir. Əhali bu dəyişikliklərin əslində, aldadıcı xarakter daşıdığı qənaətindədir. Hökumətin bu addımları sadəcə, guya, ölkə başçısının məlum tapşırıqlarının yerinə yetirildiyi görüntüsü yaratmağa hesablanıb. Hələlik qiyməti aşağı salınan 256 dərmandan çox az qismində kəskin azalma olacaq ki, bu da az təlabat olan preparatlardır. Baxmayaraq ki, siyahıda “həyati vacib və daha çox tələbat olan” dərmanların olduğu vurğulanıb, mütəxəssislər də bunun əksini söyləyiblər. Onların fikrincə, siyahıda yer alan dərmanlara təlabat az olduğundan, qiymət dəyişməsi vətəndaşların büdcə xərclərinə ciddi təsir etməyəcək.

Sahibkarlar nə düşünür?

Ancaq dərman satışı ilə məşğul olan bəzi sahibkarlar qərardan razı qaldıqlarını gizlətmirlər. Onlar bildiriblər ki, qiymətlərin hökumət tərəfindən tənzimlənməsi lazımsız və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinin qarşısını alacaq. Yağışdan çıxan köbələk kimi, sayı hər gün artan dərman firmaları artıq bu qaydalara uyğunlaşa bilməyərək bazardan çıxacaqlar. Bu da dərman bazarının sağlamlaşmasına, əhalinin tələbatlarının normal səviyyədə ödənilməsinə şərait yaradacaq. Vahid qiymətlərin tətbiqi eyni zamanda vətəndaşların vaxt itkisinin də qarşısını alacaq. Daha aptekləri gəzərək daha ucuz dərman satılan yerin tapılmasına ehtiyac olmayacaq. Bütün apteklərdə dərman vasitələri eyni qiymətə satılacaq. Bu isə imkansız vətəndaşlara yazılan reseptlərini alaraq tam kurs müalicəsini aparmağa imkan verəcək.

Qeyd edək ki, bəzi mediada qiymətlərin ucuzlaşması ilə bir çox şirkətlərin gəlirlərinin azalacağı və buna görə də onlara məxsus apteklərin sayının azalacağı barədə fikirlər səslənib. Lakin mütəxəssislər bu halı istisna ediblər.

Tənzimlənmə ilin sonunadək başa çatacaq

Hazırda ölkədə rəsmi dövlət qeydiyyatına alınan 4 min 500-dən çox dərman vasitəsi mövcuddur. Bu isə o deməkdir ki, dərman vasitələrinin dozası, ticarət qablaşdırmasından asılı olaraq, qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı daha çoxdur. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsi bu ilin sonuna kimi başa çatdırılmalıdır.: “Hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə, ilk növbədə, həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb”.

Nazirliyin Antiinhisar və İstehlakçıların Hüquqlarının Qorunması Departamenti də dəyişikliklə bağlı açıqlama verib. Bildirilib ki, dərman istehlakçılarının aldadılmasının qarşısını almaq üçün yeni qiymətlər və dərmanların istifadə müddəti preparatların üzərində mətbəə üsulu ilə çap ediləcək. Belədə onların qiymətinin dəyişdirilməsi mümkün olmayacaq.

Artıq avqust ayında Tarif Şurasının yeni qiymət siyahısını açıqlayacağı gözlənilir. Vətəndaşları narahat edən ən mühüm məsələ orada daha çox təlabat olan, eləcə də 50 manata və daha baha satılan dərmanların yer almasıdır. Ümid edirik ki, növbəti siyahılar günün tələbinə uyğun olacaq və əhali, həqiqətən, öz büdcəsində qiymət dəyişməsini hiss edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.