“Avropa istehsallı dərmanların qiyməti vətəndaşın cibinə uyğun olmayacaq” -"Ən yaxşısı siğorta təbabətinin tətbiqidir"

3-08-2015, 22:24           
“Avropa istehsallı dərmanların qiyməti vətəndaşın cibinə uyğun olmayacaq” -"Ən yaxşısı siğorta təbabətinin tətbiqidir"
Xəbər verdiyimiz kimi, Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Şuranın Katibliyindən verilən məlumata görə, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Bu tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Həmin təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib. Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.
Ucuzlaşmanı dəyərləndirən Tibb elmləri doktoru Adil QEYBULLA AİM.Az-a açıqlamasında qeyd edib ki, manatın devalvasiyası və suni qiymət artımı dövləti bu işə müdaxilə etməyə vadar etdi. Ekspertin sözlərinə görə, məlum tədbir müvəqqəti xarakter daşıyır:
“Hər halda, tarif şurası qiymətləri müəyyənləşdirərkən yəqin dərman şikətlərinin marağı, gömrük rüsümu, nəqliyyat xərcləri və dərmanın baza qiymətlərini nəzərə alıb. Əlbəttə, bundan artıq manipulyasiya imkanı olmayacaq. Sadəcə, müəyyən dərmanların satış nöqtələrində tənzimlənmələr ola bilər. Burada dərmanların depolardan alınıb, aptek şəbəsinə verilməsi prosesində diqqətli olmaq lazımdır. Aptekin öz gəliri var. Çalışmaq lazımdır ki, bütün apteklərə eyni qiymət təminatını həyata keçirsinlər”.
Ekspertin qənaətinə görə, dərmanları monopoliyada saxlayan apteklərdir:
“Ən yaxşısı siğorta təbabətinin tətbiqidir. Yəni əhaliyə gündəlik lazım olan dərmanların müəyyən bir kateqoriyası bu sığorta paketinə daxil edilir və vətəndaşın işi xeyli yüngülləşir. Amma elə Avropa istehsalı olan dərmanlar var ki, onun qiymətlərində nə qədər endirim olsa, vətəndaşın cibinə uyğun olmayacaq. Belə dərmanların əlçatanlığı dövlət proqramı çərçivəsində həyata keçirilə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.