Hər gün milyonçu olan, Trampla yarışa girən, qeybə çəkilmiş azərbaycanlı – BİR SÜQUTUN TARİXİ

13-11-2017, 17:29           
Hər gün milyonçu olan, Trampla yarışa girən, qeybə çəkilmiş azərbaycanlı – BİR SÜQUTUN TARİXİ
.Bir dəfə məclislərin birində belə demişdi: "Mənim oğlum Fransada yaşayır, İsveçrədə olur tez-tez. Amma heç vaxt doğma vətənini unutmur, patriotdur. Onun telefon zənginin melodiyası bilirsiniz necədir? "Bakılı balasıyam".

***

Nə özünün, nə də oğlunun patriotluğunu heç kim görməmişdi bu illər ərzində. Amma onminlərlə azərbaycanlı onun qurduğu "dövlət"də ona pul qazandırırdı. Ruslar Moskva metrosunun "Çerkizevo" stansiyası yaxınlığında yerləşən bazara "Çerkizon dövləti" deyirdilər. Hə, məhz dövlət içində dövlət. Bu dövlətin ərazisi 234 hektar idi. Hər gün, məhz hər gün bu dövlətin ərazisinə 1 milyon insan girib-çıxırdı. Gündə 1 milyon dollar pul götürürdü bu bazardan. Təbii ki, hamısı özünə qalmırdı. Elə olsaydı, 1993-cü ildən 2009-cu ilə qədər rəhbəri olduğu "Çerkizon"dan əldə etdiyi varidat Bill Qeytsi çoxdan ötüb keçmişdi. Hələ onun digər ticarət obyektləri və saysız-hesabsız restoranlarını demirik.

***

Gün gəldi, onun qurduğu dövlətin süqutu yetişdi. Əvvəl "Çerkizon", tədricən isə digər iri obyektləri əlindən çıxdı. Banklara olan milyardlarla borcu onu müflis etdi. Növbə həyatının mənası hesab etdiyi Antalyadakı 7 ulduzlu "Mardan Palas"a çatdı. Bu hələ harasıdır? Qardaşı sui-qəsddə ittiham olunaraq həbsə atıldı. Və nəhayət, ötən həftəsonu özü barəsində də Moskva şəhər məhkəməsi qiyabi həbs qərarı çıxardı. İndi harada olduğu da bilinmir. Amma vaxtıyla bircə zəngiylə Cenifer Lopesdən tutmuş Monika Beluççiyə kimi ulduzlar onun ayağına gələrdi. Onun, yəqin bildiniz, Telman İsmayılovun. Hamının "AST Telman" kimi tanıdığı Göyçay kökənli yarı türk, yarı yəhudi iş adamının.

***

61 yaşı bir neçə gün əvvəl tamam olub, Telman Mərdan oğlunun.

Mərdan kişinin 12 uşaqlı ailəsində 10-cu övlad idi. Atası Mərdan türkdür, anası Pəri xanım isə dağ yəhudilərindəndir. Mərdan kişi çox imkanlı adam olub sovetlər dönəmində. Yəni Telman pul-para dərdi çəkməyib. Deyilənə görə, 14 yaşından atasının gizli biznesinin mühasibatlığını aparmış. 18 yaşında isə o, artıq atasının sahibi olduğu Azərbaycanda yeganə komisyon dükanının direktoru olur.

1973-cü ildə Azərbaycanın Xalq Təsərrüfatı institutunda (hazırkı İqtisad Universiteti) təhsil almağa başlayır. Amma iki il sonra Moskvaya Plexanov adına Xalq Təsərrüfatı institutuna köçürülür. Buranı isə 1980-ci ildə başa vurur.

80-lərin sonuna doğru SSRİ-də kooperativ hərəkatı başlayanda ilk kommersiya təşkilatını yaradır.

Yeri gəlmişkən, həmin vaxt Moskva şəhər icraiyyə komitəsində kooperativ fəaliyyət üzrə komissiyanın sədri vəzifəsində çalışan Y.Lujkov ilə tanış olur. Öz biznesini kütləvi istehlak malları üzərindən qurmağa başlayır.

1989-cu ildə "AST Şirkətlər qrupu"nu yaradır. "AST" oğlanları və özünün adlarının mənasını verir: Alekper, Sarxan və Telman. Bir neçə ildən sonra "AST Qrupa" nə qədər şirkət daxil olsa yaxşıdır? Düz, 31 şirkət. Bura adında AST olan tikinti şirkətlərindən tutmuş nəşriyyatlara, otellərə, restoranlara qədər xeyli qurum daxil idi. Hamısını da yaxın ətrafı idarə edirdi. Bacısı oğlanları, qardaşı uşaqları, eləcə də öz oğulları.

"AST" qrupunun illik dövriyyəsi 3 milyarda çatmışdı zaman-zaman.


***

Amma böyük biznesə 500 min dollarla başlamışdı. 1993-cü ildə elə məhz həmin o Lujkovun dəstəyi ilə Moskva Bədən Tərbiyəsi İnstitutuna məxsus ərazidə "Çerkizovo" bazarını yaradandan sonra varidatı günbəgün artmağa başladı. Ta ki 2009-cu ilə qədər. Və günlərin bir günü rəsmi Kreml "Çerkizon" adlı dövlətin varlığına son qoymaq qərarına gəldi. Rəsmi səbəb kimi "Çerkizevo" bazarında milyonlarla dollarlıq saxta Çin malının satıldığı, vergidən gizlənmə və sairə əsaslar göstərilirdi. Amma bunlar sadəcə rəsmiyyət idi. Təsəvvür edin, gündə bir milyon nəfərin axışdığı bazarda onsuz da əsasən Çin malları satılır, piştaxtalarda nə qədər malın satıldığı isə heç vaxt rəsmiləşmirdi. Burada başqa bir səbəb vardı. Hə, söhbət ondan gedirdi ki, maliyyə böhranı yaşayan Rusiyada qazandığı pullarla İsmayılov Türkiyədə atasının adını daşıyan və dəyəri 1 milyard 200 milyon dollar olan "Mardan palas tikdirirdi. Yəni bu qədər pul Rusiyadan Türkiyəyə axmışdı. Putin isə bunu ona bağışlaya bilməzdi.

***

Telman İsmayılovun məşhur bir ifadəsi var: "Biz 1 rublu yeyir, 3-ünü isə veririk".
Görünür bu acı həqiqəti o sonradan başa düşmüşdü.

Müsahibələrin birində deyir: "Bir zamanlar "AST" - otel, restoran, icarə, ticarət və digər müxtəlif biznes növləri ilə məşğul olan və 30-dan çox şirkəti birləşdirən böyük holdinq idi. Hazırda holdinq mövcud deyil. Şirkətlərim əsas aktivlərimi girov qoymaqla “Bank Moskva”dan kredit alıblar. Mən zamin idim. "Çerkizov" bazarı bağlandıqdan sonra mənim üçün “Bank Moskva”ya krediti qaytarmaq və faizləri ödəmək çətin oldu. Lakin bankla münasibətlər çox konstruktiv olub. Bu banka 50 milyon dollar əsas borc və 70 milyon dollar faiz ödəmişdim. Bank üç binamın onlarda girovda olduğunu bildiyindən mənimlə görüşməyə və kreditin qaytarılması ilə bağlı problemin həllinə hazır idi. Amma sonrada bank güc yolu ilə daşınmaz obyektləri zəbt edib. Ədalətsizlik ondadır ki, bankın zəbt etdiyi binalar hər ay sabit olaraq 1 milyon dollara yaxın gəlir gətirirdi".

Təsəvvür edin, ayda bir milyon dollar. Təkcə 3 binadan. Və ardınca da istehza.
Vaxtıyla azərbaycanlılara külli miqdarda pul qazandırdığını deyir. Üstəlik də əlavə edir: "Azərbaycanlılar “Çerkizov” bazarında ticarət edərək pul qazana bilirdilər. Amma indi Türkiyədə əsrarəngiz “Mardan Palace” otelində çox gözəl dincəlmək imkanı əldə ediblər”.

Müflisləşməsini özünə dərd də eləmir. Deyir, vaxtıyla ABŞ prezidenti Donald Tramp da müflis olub, amma sonra özünü dirçəldib. Və ardınca da görün nə deyir: "Amerikada olarkən Tramp məni evinə dəvət edib. O zamandan bizim uşaqlarımız dostluq edirlər və bir-birilərinə qonaq gedirlər".

Bax, buna inanmaq bir qədər çətindir. Həm də şübhəli.

***

Vəkillərindən biri bir dəfə özü də istəmədən müsahibəsində "quşlamışdı".

Sitat: "Mardan Palace"ın tikintisi vasitəsilə Telman İsmayılovun öz kapitalını Rusiyadan çıxarması faciə deyil. Bir çox oliqarxlar futbol, basketbol komandaları almaq adı altında sərvətlərini ölkədən çıxarırlar. Telmanın Soçini yox, Antalyanı seçməsi sırf iqtisadi göstəricidən qəbul edilmişdi. O zaman olimpiadanın Soçidə keçiriləcəyi məlum idi və biznesmenlər bu imic-proyektində iştirak etmək üçün mübarizə aparırdılar. Yəni Soçidəki obyektlərdən gəlir götürmək uzun illərdən sonra məlum olacaqdı. Telman İsmayılov bunu bilirdi və daha tez gəlir gətirəcək Antalya proyektini seçdi və ağlına da gəlməzdi ki, Putin bunu ona bağışlamayacaq".

***

O özü isə bağışlamağı xoşlayırdı. Elə hesab etməyin ki, hansısa azərbaycanlı tələbənin təhsil haqqını ödəyirdi. Ya kimsəsiz bir yetimə ev bağışlayırdı. Qətiyyən. O, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirmişdi. Türkiyə estradasının ulduzlarından olan Sibel Cana ev bağışlamışdı. Avraam Russonun sponsoru idi. Meray Kerriyə brilyantla bəzədilmiş mikrofon hədiyyə etmişdi. Teleaparıcı İvan Urqanta isə "Porşe Kayen".

Oğlanları Ələkbər və Sərxan Cenevrədə dostlarıyla bircə qəza törədəndə isə bilirsinizmi hansı avtomobillərdə olmuşdular və elə həmin avtomobilləri də tullayıb getmişdilər: Bugatti Veyron, Mercedes McLaren, Porsche Cayenne Turbo i Lamborghini Murcielago. Toplam qiyməti milyonlarla dollar.

Şəxsi kolleksiyasında bilirsinizmi nə qədər bahalı saat var? Birini elə həmin Lujkov bağışlayıb, dəyəri 1 milyon 500 dollar olduğu saatdır. Ümumilikdə isə 2 min eksklüziv saat. Adamın vur-tut iki qolu var axı...















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.