Xədicə İsmayılovanın məhkəməsində: - "Özünü asmaq üçün ilgək düzəltdi..."

11-08-2015, 21:56           
Xədicə İsmayılovanın məhkəməsində: - "Özünü asmaq üçün ilgək düzəltdi..."
Bugünkü prosesdə fasilədən sonra Xədicə İsmayılovanın Bakı Şəhər Prokurorluğundan MTN-ə ünvanlanmış məktubun surətini istəməsi ilə bağlı vəsatətinə baxıldı.

Virtualaz.org saytının prosesi işıqlandıran müxbiri xəbər verir ki, bu vəsatət təmin olunmadı. Hakim bildirdi ki, lazımı sənədlər ona təqdim olunub.

Bundan sonra zərərçəkmiş Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova ifadə verdi. O, ifadəsində göstərdi ki, Turalla Xədicə arasında hər hansı münasibətdən xəbəri olmayıb: “Qızım mənə deyirdi ki, ailəm dağılmaq üzrədir. Tural onu boşanmağa vadar edirmiş. Onun həyatında Rövşanə adlı qadın olub. Turalın qızımla ayrılmasına səbəb Rövşanə olub”.

Şahidin istintaqa verdiyi ifadəsi elan olundu. O, həmin ifadəni təsdiq etmədi.

Daha sonra Rövşanə Rəhimlinin anası Zemfira Əliyeva ifadə verdi. O, T.Mustafayevin içkiyə meylli olduğunu, sərxoş olarkən özünü idarə edə bilmədiyini, qızına dəfələrlə əl qaldırdığını, hətta bir dəfə kirayə yaşadığı evdə özünü asmaq üçün ilgək düzəldərək şəklini Rövşanəyə göndərdiyini söylədi: “Qaça-qaça getdik, gördük stolun üstündə araq, yemək, özü də eyvanda oturub. Dedim ki, ayıb deyil, bizi bu cür qorxudursan?

Bu adam axır vaxtlar əlində zəhər küçələri gəzirdi. Valideynlərinə zəng vurdum, dedim gəlin yiyə durun, heç kim yaxın durmadı. Turalın qeyri-adekvatlığı qızımın nişanı qaytarmasına səbəb oldu”.

Daha sonra “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova şahid qismində dindirildi. O, radioda fəaliyyəti ilə bağlı sorğuya belə cavab verdi: “Mən “Azadlıq” radiosunda 2010-cu ildən işləməyə başlamışam. Xidməti müqaviləni radionun Azərbaycan nümayəndəliyinin kadrlar şöbəsinin müdiri ilə bağlamışam. İstintaqda müqaviləni Xədicə İsmayılova ilə bağlamağım barədə yazılanlar doğru deyil. Mən belə ifadə verməmişəm. Bizi qeyri-iş günü, ekstremal vəziyyətdə aparıb dindiriblər”.

Sonra radionun əməkdaşı olmuş Fərəh Əliyeva dindirildi. O bildirdi ki, radioda “İnternews”un layihələri əsasında fəaliyyət göstərib və müqaviləni də bu qurumla bağlayıb.

Dindirilən sonuncu şahid Meydan TV əməkdaşı Cavid Abdullayev oldu. O, ifadəsində göstərdi ki, T.Mustafayevlə bir ay kirayədə qalıb və Meydan TV-də də birlikdə işləyiblər. Tural isə X.İsmayılova ilə münasibətləri barədə ona heç nə deməyib. İntiharın səbəbinə gəlincə bunu onunla Rövşanə Rəhimli arasında münasibətlərin pisləşməsi ilə əlaqələndirib.

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadələri arasında ziddiyyət yarandığından ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. C.Abdullayevin ifadəsində Xədicənin Turalla münasibətlərinin olduğu, lakin ayrıldıqdan sonra Xədicənin Turala işlə bağlı problemlər yaratdığını, onu nüfuzdan salmaq üçün şayiələr yaymasını göstərib.

Şahid isə istintaqa verdiyi ifadəsini təsdiq etməyib. O, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirib.

Məhkəmə prosesi avqustun 12-i saat 3-ə kimi təxirə salınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.