Rəfiqəsini öldürüb parçalayan qadının işində taksi sürücüləri ifadə verdi: - "Dedi ki, yüküm ağırdı"

20-08-2018, 13:32           
Rəfiqəsini öldürüb parçalayan qadının işində taksi sürücüləri ifadə verdi: - "Dedi ki, yüküm ağırdı"
Rəfiqəsini öldürdükdən sonra parçalayan qadın hakiç qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə iki nəfər taksi sürücüsü ifadə verib. Onlar İrina Qorlovanın istəyi ilə onu bir neçə dəfə gedəcəyi ünvana aparıblar.

Taksi sürücüsü Yavər Məhərov ifadəsində göstərib ki, İrina dəfələrlə onun maşınına minib. Amma qətl hadisəsi olan gün o, rayonda olub:

"Mənə zəng edəndə rayonda idim. Maşın lazım olduğunu dedi. Gələ bilməyəcəyimi dedim. Onunla telefon danışıqlarım olduğuna görə məni çağırdılar. İlk olaraq onu axırıncı getdiyi yerə mənim apardığımı düşündülər. Amma kameralara baxanda aydın oldu".

Suallara cavab verən Yavər Məhərov bildirib ki, İrina sonuncu dəfə ona zəng edərkən yükünün ağır olduğunu deyib. O, qətl hadisəsinin törədilməsindən sonradan xəbər tutduğunu bildirib.

Digər şahid Maarif Həsənov da taksi sürücüsü işlədiyini və bir neçə dəfə İrinanı getdiyi ünvana apardığını qeyd edib.

Hadisə baş verən gün mərhumun parçalarının daşındığı taksinin sürücüsü isə hələ ki məhkəmədə ifadə verməyib.

İttihamda yazılır ki, İrina mərhumun evini ələ keçirmək məqsədi ilə qətl törədib.

Elan olunmuş ittiham üzrə İ.Qorlova özünü qismən təqsirli bilib. O deyib ki, cinayəti tamah məqsədi ilə törətməyib. O, hadisə zamanı rəfiqəsinə çoxlu bıçaq zərbəsi endirdiyini söyləyib. Qorlova bildirib ki, rəfiqəsinin evini ələ keçirmək imkanı belə olmayıb: "Cinayəti ev üçün törətməmişəm. Məni bezdirmişdi, əsəbiləşib öldürdüm. Pul gətirmədiyim, araq almadığım üçün mübahisə etdik".

Xatırladaq ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olmuşdu. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilmişdi. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edimiş, qalan əzalar isə tapılmamışdı.

Əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirildiyi, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilmişdi.

İrina Qorlovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.