Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb
2-02-2022, 17:50
On səkkiz il ərzində Prezident İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olması ölkə başçısının bu şəhərə xüsusi diqqətinin sübutudur. Çünki Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Gəncə şəhərində bir çox layihələr icra edilib və bu layihələrin icrası davam edir. Xüsusilə qeyd etməliyik ki, Gəncəyə gedən yollar tam müasirləşdirilib, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Hazırda Gəncə-Qazax-Gürcüstan sərhədi yolu iki zolaqdan dörd zolağa genişləndirilir. Eyni zamanda, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb. Bütün bunlar Gəncə şəhərinin strateji əhəmiyyətinə və dinamik inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.
Həmçinin Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Yanvarın 30-da Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində burada 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi. Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verildi.
İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Bu baxımdan Gəncədə inşa olunacaq Memorial Kompleks böyük əhəmiyyət daşıyır. Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Hər bir azərbaycanlı erməni vəhşiliyini unutmamalıdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, “... Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
Aysel Mənsimova – YAP üzvü