İşçilərin yorğunluğu şirkətlərə milyonlara başa gəlir - "Burnout" sindromu - SƏHƏR OXUSU
Bu gün, 10:48

“Burnout” - uzunmüddətli iş gərginliyi, daimi yorğunluq və emosional tükənmə nəticəsində yaranan vəziyyətdir. Dünya Səhiyyə Təşkilatı bunu rəsmi olaraq iş mühitinə bağlı sindrom kimi tanıyır.
Valyuta.az xəbər verir ki, Burnout yaşayan işçilər yalnız fiziki deyil, həm də zehni baxımdan tükənir və bu, şirkətlərin məhsuldarlığına birbaşa təsir göstərir.
Şirkətlər üçün görünməyən milyardlıq itkilər
Araşdırmalar göstərir ki, ABŞ-da hər bir işçi burnout səbəbindən şirkətə ildə 4 000–21 000 dollar arasında məhsuldarlıq itkisi yaradır. Bu, 1 000 işçinin çalışdığı orta ölçülü bir təşkilat üçün illik təxminən 5 milyon dollar zərər deməkdir. Başqa sözlə, burnout sadəcə şəxsi problem yox, həm də iqtisadi yükdür.
Dörd günlük iş həftəsi: məhsuldarlıq azalırmı?
Böyük Britaniyada aparılan araşdırma göstərib ki, işçilər beş gün əvəzinə dörd gün işlədikdə burnout 71 %, stres isə 39 % azalır. İş yerində davamiyyətin pozulması 65 %, işçilərin işdən çıxması isə 57 % aşağı düşür. Maraqlıdır ki, iş günləri azalsa da, gəlirlilikdə 1,4 % artım qeydə alınıb.
Boston College-in apardığı beynəlxalq tədqiqatda da oxşar nəticə əldə olunub: dörd günlük iş həftəsi tətbiq edilən şirkətlərdə burnout 67 % azalır, işçilərin yuxu keyfiyyəti 38 % yaxşılaşır, onların yarısı isə özünü daha məhsuldar hiss etdiyini bildirib.
Uzaqdan işin paradoksu
Pandemiya ilə geniş yayılan “remote work” işçilərə azadlıq və müstəqillik qazandırsa da, tədqiqatlar göstərir ki, 86 % işçi burnout yaşadığını bildirir. Bunun səbəbləri arasında “hər an onlayn olmaq” təzyiqi, micromanagement və daimi monitorinq əsas rol oynayır. Yəni azadlıq kimi görünən mühit bəzən stressi daha da artırır.
Mayya Hüseynova