“Öz evim olsa da, ömrüm kirayələrdə keçir” -

Bu gün, 10:58           
“Öz evim olsa da, ömrüm kirayələrdə keçir” -
Sumqayıt sakini: “33 il müddətində 11 kirayə ev dəyişmişəm, 90 min manata yaxın kirayə haqqı ödəmişəm”

“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı”

Sumqayıt şəhər sakini Həsənov Xanəhməd Xankişi oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi evinin məcburi köçkünlər tərəfindən mənimsənildiyini, illərdir geri qaytarılmadığını bildirir:

“Mən, Həsənov Xanəhməd Xankişi oğlu, yazaraq xahiş edirəm ki, şikayətimi işıqlandırın.

Artıq yaş öz sözünü deyib və xəstəliklərlə savaşan halda yaşayıram. Nə az, nə çox, 70 yaşım var. Öz evim olmasına baxmayaraq, ömrüm kirayələrdə keçir.

Belə ki, 33 il bundan əvvəl Sumqayıt şəhərində yerləşən Şüşə Zavodundan mənzil almışam. Lakin məcburi köçkünlər mənzilimi zəbt etdiklərinə görə, illərdir evimdə yaşaya bilmirəm. Mən də, Azərbaycan vətəndaşı olaraq, özüm kirayələrdə yaşasam da, onları evdən çıxarmağa ürəyim tam razı olmurdu. Çünki həyatın cəhənnəm üzünü görmüş insanlar kimi, onlara hər zaman ürəyim ağrıyıb. Lakin məcburi köçkünlərin hamısına şamil etməsək də, bəziləri onlara olunanları gəlib burda, biz yerli insanlara yaşatdılar. Çox təəssüf.

33 il müddətində 11 kirayə ev dəyişmişəm, 90 min manata yaxın kirayə haqqı ödəmişəm.

Evimi zəbt edən şəxslər heç cür anlaşmaya gəlmədilər. Təhdidləri dayanmadı. Evimdən çıxmayacaqlarını bildirdilər.

2012-ci ildə Məhkəməyə müraciət etdim. Məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi. Amma məhkəmənin qərarı icra olunmadı.

Müraciət etmədiyim qurum qalmayıb. Yaş öz sözünün deyib, evim ola-ola mən niyə kirayədə qalım?!

Səhhətimdə ciddi problemlərim var. Aldığım təqaüd müalicəmi zorla görür. Bu yaşda ödənişləri çatdıra bilmirəm.

Mən özümün və ailəmin adından dövlətimdən xahiş edirəm, mənzilimdə zorla məskunlaşan insanları evimdən çıxarın. İllərdir səbr edib dözmüşəm.

Bu yaxınlarda “Hürriyyət”də eynilə mənim vəziyyətdə olan bir sakinin fəryadını gördüm. İnanın, biz çox ağır vəziyyətdəyik. Xahiş edirəm, səlahiyyətli qurumlar məhkəmənin qərarını icra etsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru