XXI əsrin ən böyük layihələrindən biri - Cənub Qaz Dəhlizi - İsrafil Kərimov yazır
7-02-2022, 17:41
Azərbaycan son illərdə həyata keçirilən iki miqyaslı regional enerji layihələrinin müəllifi və fəal iştirakçısı olaraq bir sıra Avropa ölkələrinin etibarlı enerji təchizatçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır.
Bu gün Avropanın enerji bazarlarında Azərbaycan qazına böyük ehtiyac yaranıb. 2006-cı ildən neft ixracatına başlayan ölkəmiz götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib, heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb. Bu da onun nə qədər etibarlı tərəfdaş olduğuna bir daha sübutdur.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bu il fevralın 4-də Bakıda keçirilən VIII toplantıda Prezident İlham Əliyev çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Dəyəri 33 milyard ABŞ dolları olan bu layihənin icrasında Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları iştirak edib. Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Dövlət başçısının bundan öncə də qeyd etdiyi kimi, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi. Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.
2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə “Cənub Qaz Dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu, onu göstərir ki, “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir. Beləliklə, layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndir. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin.
Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividentlər əldə
edəcək. Bununla da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü