Azərbaycan enerji resurslarının etibarlı təchizatçısıdır

8-02-2022, 08:02           
Azərbaycan enerji resurslarının etibarlı təchizatçısıdır
Fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Toplantıdakı çıxışı zamanı Prezident cənab İlham Əliyev layihə iştirakçıları olan ölkələrin - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın bir komanda olaraq gördükləri effektli işlərdən bəhs etdi.

Azərbaycan həmişə beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var. Ölkəmiz neft ixracatına 2006-cı ildən başlayıb və bu müddətdə təchizatda heç bir fasilə olmamış, müqavilə şərtləri pozulmamışdır. Çünki Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin arxasında heç bir siyasi gündəm olmayıb. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artmaqdadır.

Ölkə başçısı Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu və əhalinin sayının artması ilə əlaqədar qaza olan daxili tələbatın artdığını qeyd etmişdir: “Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb”

Hazırda ölkəmizin isbat edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı məlumdur. Texnologiyaların sürətlə inkişafı deməyə əsas verir ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Ən böyük yataq “Şahdəniz”dir ki, onun da ehtiyatı bir trilyon kubmetrdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışı zamanı Prezident cənab İlham Əliyev yaxşı nəticə verəcəyinə ümid bəslənilən digər böyük yataqlar “Babək”, “Ümid” və “Azəri-Çıraq-Günəşli” haqqında da məlumat vermişdir.

Azərbaycanın elektrik enerjisi potensialının əsasən daxili istehlaka hesablandığını qeyd edən cənab Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdə olduğuna diqqət çəkmişdir.

Çıxışı zamanı cənab Prezident İlham Əliyev Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqramın olduğunu bildirmişdir. İlkin rəqəmlərə əsasən Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur və bu potensialın inkişafı ilə bağlı artıq aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bütün bunlar onu deməyə əsas verir ki, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır.

Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.