Ölkəmizdə icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir
14-02-2022, 16:14

Fevralın 11-də Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişafına töhfə verəcək “Qobu” Enerji Qovşağına daxil olan “Qobu” yarımstansiyasının və “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edərək mərasindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə vermişdir.
Qeyd edilməlidir ki, Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. İstifadəyə verilən “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Ən qısa zaman kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi isə ölkəmizin güclü imkanlarından xəbər verir.
AZƏRTAC-a müsahibəsində ölkə başçısı bildirib ki, ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.
Ötən il Azərbaycan iqtisadiyyatı 5 faizdən çox, o cümlədən qeyri-neft sektorunda sənaye istehsalı təxminən 20 faiz artıb. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da çox sevindirici haldır.
Türkiyə, Rusiya, Gürcüstan və İran kimi 4 yaxın qonşu ölkəyə 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Hazırda Azərbaycanın bərpaolunan enerji potensialı artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Bununla yanaşı, azad olunmuş ərazilərdə 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikilmiş, “Şuşa”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları istismara verilmişdir. Ağdamda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarında, o cümlədən “Qarabağ” Regional İdarəetmə Mərkəzində də tikinti işləri tamamlanmışdır. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı vardır.
İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, İqtisad elmləri doktoru