Ağdamın əvvəlki şöhrəti bərpa ediləcəkdir
15-02-2022, 16:54
Artıq xoş ənənə halına çevrilən ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri dünya ictimaiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır. Fevralın 13-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib və səfər çərçivəsində bir sıra təməlqoyma mərasimlərində iştirak edib.
Artıq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” başlayıb. Azərbaycan Prezidenti bu gün işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirləri reallığa çevirməkdədir. İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Həyata keçirilən layihələr Ağdamın və ümumilikdə bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkə başçısının qeyd etdiyi kimi görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir və bu şirkətlərin sayı artmaqdadır.
Ağdama səfər zamanı Prezident İlham Əliyevin öz çıxışında Ermənistandakı revanşist qüvvələrə mesaj göndərərək bəyan edib: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu torpaqlarda şəhidlərimizin qanının olduğunu qeyd edərək, Azərbaycan xalqının bu torpaqlarda əbədi yaşayacağını vurğuladı. Eyni zamanda, bu çıxış ölkə başçısı İlham Əliyevin şəhidlərimizin xatirəsinə olan böyük hörmətinin göstəricisidir. Şəhidlərimizin xatirəsini əziz tutan Prezident İlham Əliyev hər zaman şəhid ailələrini xüsusi diqqətdə saxlamış, bu kateqoriyadan olan ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra sərəncamlar, fərmanlar imzalamışdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən sürətli quruculuq və infranstruktur layihələri nəticəsində Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcəkdir.
Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru