Tahir də ölümün gözünə dik baxaraq, Vətən yaşatdı - Milli Qəhrəman Tahir Həsənovun anım günüdür FOTO
22-02-2022, 16:38
Adı hər zaman çəkildikdə Vətən yada düşəcək, əfsanələşən və hər biri özlüyündə bir böyük Vətən yaradan qəhrəmanlardan birinin - Tahir Tofiq oğlu Həsənovun 52-ci anım günüdür...
Teref.az yazır ki, Azərbaycanın şəhid Milli Qəhrəmanı Tahir Həsənovun dəfnindən 30 il keçib.
Bu gün onun silah və səngər dostları hər il olduğu kimi yenə onun anasının ocağına yığışmışdılar.
Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış və 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.
Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.
Tahir əsgərliyini desant qoşunlarında olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur.
1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur. Tahir kəşfiyatçıların geri çəkilməsini əmr edir, özü isə onları qoruyaraq onları mühasirəyə almaq istəyən düşmənlə ağır döyüşə girir.
Tahir Həsənov son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Tanrı gənc yaşlarında şəhid olmuş qardaşımızın ruhunu şad etsin!
Məqamın qarşısında baş əyirik, igidim.
Teref.az
Tahirin silah dostları və ailəsi şəhidi yad etdilər!!