Azərbaycan-Macarıstan əlaqələri inkişafdadır

1-02-2023, 09:37           
Azərbaycan-Macarıstan əlaqələri inkişafdadır
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra dünyada mövqelərini daha da möhkəmləndirdi. Ölkəmizdə həyata keçirilən rasional siyasət kursu, uğurlu islahatlar, ölkəmizin geopolitik mövqelərinin daha da qüvvətlənməsi Azərbaycanın siyasi imkanlarına böyük töhfələr verir. Prezident İlham Əliyevin Avropaya səfərləri, Albaniyada, Serbiyada verdiyi mesajlar və sonuncu olaraq, Macarıstana rəsmi səfər ölkəmizin Mərkəzi və Şərqi Avropada böyük təsir imkanları formalaşdırdığını göstərir.
Azərbaycan-Macarıstan əlaqələri təkcə bu gün üçün deyil, gələcək üçün də vacib əhəmiyyətə malikdir. Dövlətimizin başçısının yanvarın 29-da Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün mühüm əhəmiyyətə malikdir. Əlaqələrin dərinləşməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Bundan isə ölkə büdcələri yeni daxilolmalar fonunda zənginləşəcək.
Azərbaycan və Macarıstan həm də bir çox baxımdan bir-birinə bənzəyir. Hər iki ölkə Avropanın yüksələn dəyəri kimi tanınır. Macarıstan 10 milyonluq əhalisi ilə öz coğrafi mövqeyinə görə vacib nöqtəni ehtiva edir ki, Azərbaycan da bu baxımdan öz regionunda Macarıstandan fərqli deyil. Avropada müşahidə edilən ümumi kataklizmlərə rəğmən Macarıstanın iqtisadi və sosial inkişafı danılmazdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Belə bir ölkənin Azərbaycanla tərəfdaşlığı Azərbaycan məhsulları üçün də fərqli imkanlar yaradır.
Azərbaycan və Macarıstan bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, İƏT-də, BMT-də, TDT-də, İKT-də və sair təşkilatlarda fəallığı bir çox qlobal problemlərin həllinə rəvac verir. Macarıstan isə Avropa İttifaqının üzvü kimi öz regionunun inkaredilməz güc mərkəzlərindən birini formalaşdırır. Macarıstanın BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası kimi təşkilatlarda fəallığı Azərbaycanın maraqlarının beynəlxalq müdafiəsində bizə mühüm dəstək qazandırır.
Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Azərbaycan-Macarıstan əlaqələri təkcə siyasi və iqtisadi deyil, mədəni və humanitar sahələrdə də uğurla davam etdirilir.
Macarıstan, həmçinin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə dəstək olur. Azərbaycanın bütün sahələrdə ən önəmli dəstəkçilərindən biri qismində çıxış edir. Qeyd etmək lazımdır ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25 min avro ianə edib.
Macarıstanın potensialı və Azərbaycanın inkişaf edən geostrateji əhəmiyyəti qlobal anlamda da pozitiv dəyişikliklərə səbəb olacaq.


Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.