Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək
9-12-2023, 15:36

Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
7 fevral növbədənkənar seçkisi Azərbaycan tarixinin ən önəmli seçkisi olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkidə iştirak edəcək.
Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra dövlətin və xalqın qarşısında duran ən mühüm problemin - ölkənin ərazi bütövlüyünün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Növbəti dəfə Prezident seçildikdən cəmi iki il sonra - 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Vətən müharibəsində İlham Əliyevin hər iki cəbhədə - döyüş meydanında məğlubedilməz sərkərdə və Ali Baş Komandan, informasiya müharibəsində isə praqmatik diplomat olduğunu bütün dünya ictimaiyyəti gördü.
Əminliklə deyə bilərik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcəkdir.
Aysel Mənsimova - politoloq