Heydər Əliyev – 95: İsmayıllıda “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda elmi konfrans
7-05-2018, 20:02
İsmayıllıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. 7 may 2018-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda birgə keçirdiyi elmi konfrans əhatə dairəsi və elmi tutumu ilə daha diqqətəlayiq tədbir olub.
Şəhər Mədəniyyət mərkəzinin böyük zalında keçirilən elmi konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Sonra tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov açıb və mövzuya dair məruzə edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Arif Şəkərəliyev, həmin Universitetin professoru, iqtisad elmləri doktoru Qabil Manafov ümummilli lider Heydər Əliyevin iqtisadi strategiyasının nəzəri əsaslarından, praktik nəticələrindən, ölkəni 90-cı illərin əvvəllərində daha da dərinləşmiş iqtisadi və maliyyə böhranlarından bacarıqla xilas etməsi yollarından danışıblar.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Milli Məclisin deputatı olan Tahir Kərimli iqtisadi və siyasi mövzuların sintezindən ibarət çıxışında ümummilli liderin SSRİ dövründəki fəaliyyətindən, Azərbaycana yenidən rəhbər gəldikdən sonra çoxistiqamətli xilaskarlıq missiyasından, iqtisadi strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilməsindən danışıb.
Ulu öndərə həsr olunmuş şeirlərin ifası konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Mirdaməd Sadıqov yekun sözü söyləyib və bildirib ki, ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbirlər davam edir və bütün yaşayış məntəqələrini, ümumtəhsil müəssisələrini əhatə edir.