İsmayıllı RİH-nin üçaylıq hesabatından seçmələr (Əvvəlcə qara fikirlilər barədə bir neçə söz)
14-05-2018, 23:05
Bu gün İsmayıllı rayonunun sürətli inkşafını görməmək ən azından insafsızlıqdır. Mən bilərəkdən ən azından dedim, çünki hansı qüvvələrin rayona necə təzyiqlər etdiyini az- çox bilirəm. Hər halda, söhbətləşdiyim rayon sakinləri də bunu təsdiq edirlər. Əski günləri yadlarına salan rayon sakinləri o günlərin bir daha qayıtmamasını arzulayır, rayonun sürətli və çoxistiqamətli iqtisadi inkişaf yolunu tutmasına sevinirlər. “Lakin” və “amma” ya yenə də müraciət edirəm. Keçmişdə inzibati və qaranlıq yollarla iş görən, sözdə özlərini iş adamı adlandıran, lakin əməldə isə ancaq şər-böhtanla nəyəsə nail olmaq istəyən adamlar hələ də var. Onlara İsmayıllı rayonunda da rast gəlmək mümkündür. Belələri əlinin hər yerdən üzüldüyü bir zamanda sosial şəbəkələrdə təhqirə, şərə, yalana, iftiraya, haqsız iddia və tələblərə keçir, bu kimi əyri yollarla öz əyri məqsədlərinə çatmaq istəyirlər. Buyurun, sizə birini adını çəkmədən təqdim edim. Çünki kimliyi açdığım söhbətdən məlum olacaq. Medianın geniş imkanlarından istifadə edərək düşüncə ilə yox, inzibati yollarla öz işini həyata keçirmək istəyən bir iş adamı İsmayıllı İcra Hakimiyyətinə ittiham dolu video-müraciətlər yayımlayıb. Nədən? Nədə ittiham edir? Niyə İsmayıllı rayonunda başqa bazarlar bağlanmayıb? Yeni bazar tikilib, lakin ondan əvvəl illərlə xalqın istifadəsində olan ucuz bir başqa bazarı İcra hakimiyyəti niyə bağlamır? Hansı ki, bu bazardan 600 nəfərdən çox adam evinə çörək aparır. Bəli, ola bilər ki, o bazarın elə də səliqə və sahmanı yoxdur. Özəl mülkiyyətin sahibi qazancı ilə daha çox maraqlanıb, qayda yaratmaq üçün pul xərcləməli olduğunu unudub. İsmayıllıda gedən tikinti, abadlıq, quruculuq sahəsindəki geniş miqyaslı işlərin içində bazara növbə çatmadığını təbii qarşılamaq olar. Amma ona da növbə çatacaq, mən sizi əmin edirəm.Çünki dəfələrlə İsmayıllı rayonunda olmuşam və orda gedən inkşaf mənim gözümün önündən keçib. Bu gün ticari və biznes mühitində yaşamaq mücadiləsini iqtisadi resurslar vasitəsi ilə həyata keçirtmək lazımdır. Yoxsa hansısa hakimiyyət orqanlarına yan vasitələrlə təzyiq etməklə, müəyyən qüvvələrin vasitəsi ilə rəqibini biznesdən çıxarmağa cəhd göstərməməlisən.
İzlədiyim videoda tələb edilən kimi, heç kim əşya bazarının bağlanmasını tələb etmir! Mənim əşya bazarında həmsöhbət olduğum sahibkarlar da deyir ki, əşya bazarı bağlansa, yüzlərlə ailə çörəksiz qalacaq. Əşya bazarının bağlanması üçün ona rəqib olan sahibkarlar elə bir mühit yaratmalıdırlar ki, xalq bu bazara getməsin, sahibkarlar daha sərfəli bazara üz tutsun. Bax əsl biznes rəqabətinin gözə göründüyü meydan budur. Onda təbii olaraq əşya bazarı da bağlanacaq, başqa bazarlar da. Lakin kimlərinsə təzyiq yolu ilə inzibati resurslardan istifadə edib başqalarının biznesini məhv etmə zamanları geridə qalıb.
Video-müraciət müəllifi təkidlə icra hakimiyyətindən əşya bazarını və meyvə-tərəvəz bazarını bağlamağı tələb edir? Bu iddia çox yersizdir və qanundan kənardır. Bazar bağlamağa kimsə ixtiyarlı deyil. İcra orqanı kiminsə mülkiyyət hüququna toxuna bilməz. Hər bir sahibkar qurduğu işdən səmərə götürmək üçün rəqabət mühiti yaratmalı, müştəri cəlb etməkdən ötəri iş qurmaq istəyənlərin marağını, yerli imkan və şəraiti nəzərə almalıdır. Araşdırmalar zamanı əşya bazarında çalışan Oqtay Süleymanov, Teymur məmmədov, Zeynəb Səlimova, meyvə-tərəvəz bazarından füzuli Əliyev və başqaları bildirdilər ki, “Yaşıl market” satış yerlərini çox baha qiymətə icarəyə verir. İndiki iş yerimiz bizim üçün daha münasibdir. Qoy başqaları bizim çörəyimizə dəyməyə cəhd göstərməsin. Onsuz da alınmayacaq.
Bu gün Azərbaycan Prezidenti sağlam biznes mühitinin qarantıdır. Onun elan etdiyi iqtisadi yüksəliş proqramına uyğun olaraq müəyyən olunmuş yolla irəli addımlayan müasir bir İsmayıllı rayonu var! Bunu sübut etmək üçün heç də uzağa getmək lazım deyil. Sadəcə real bir neçə rəqəmə və fakta baxmaq kifayətdir. Buyurun, bu da sizin ləkələmək və uğuruna kölgə salmaq istədiyiniz İsmayıllı rayonunun rüblük hesabatından seçmələr:
- Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2017-ci il tarixli sərəncamlarına uyğun olaraq Lahıc qəsəbəsində 400 yerlik məktəb tikilir, Dağlar qoynundan, sıldırım dərələrdən Dəmirçi-Lahıc yolu çəkilir, qəsəbə qazlaşdırılır.
- “Cümhuriyyət ili” çərçivəsində “28 May” küçəsi genişləndirilir, yenidən qurulur, asfalt-beton örtüyü çəkilir.
- “İstiqlal”, Nuru Paşa, K.Məmmədov, “Babadağ”, Füzuli, V.Əliyarov, Natəvan və Abdulla Şaiq küçələrində də eyni hazırlıq işləri görülür.
İstifadəyə verilmə ərəfəsində olan obyektlər
- İsmayıllı şəhəri Heydər Əliyev prospektində üçulduzlu, altımərtəbəli otel;
- Natəvan küçəsində 170 yerlik xalça fabriki;
- “Bədo” sanatoriya-bərpa mərkəzi;
- Keyvəndi kəndi ərazisində perspektivdə 1500 başlıq olacaq müasir heyvandarlıq kompleksi;
- Kürdmaşı kəndi ərazisində 3000 tonluq ambar-soyuducu daxil olmaqla aqrokompleks.
Bəzi maliyyə və iqtisadi göstəricilər, xidmət sahələrindəki yeniliklər
- Rüb ərzində ümumi məhsul istehsalı 36 milyon 29 min manat olub;
- Əsas kapitala investisiya qoyuluşu 8 milyon 680 min manat (keçən ilin müvafiq dövründən 3,6 faiz çox) təşkil edib.
- Rayon büdcəsinin gəlirləri 104 faiz yerinə yetirilib.
- Lahıc qəsəbəsi ilə yanaşı Qaraqaya, Gəndov və Namazgah kəndlərinə də qaz çəkilişinə başlanıb.
- Sosial sığorta haqlarının toplanması üzrə proqnoz tapşırıqlara 116 faiz əməl edilib;
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xəlilli, Eyyubbəyli və Gideyli kəndlərində tikilmiş modul tipli sutəmizləyici qurğular istifadəyə verilməyə hazırlanır.
- 22 hektarda tütün əkilməsinə hazırlıq görülür;
- 200 hektara yaxın sahədə kartof əkilib;
- Qubaxəlilli kəndi ərazisində 10 hektar sahədə badam, 30 hektar sahədə qoz bağı, rayon üzrə 500 hektarda fındıq bağı salınıb.
Sonda qeyd edim ki, Səməd Vurğunun “Vaqif” dramında deyilir: “Günəşdən gizlənən yarasalardır”. Bəzilərini insanlıqdan çıxıb “yarasa” olmağa məcbur edən nədir? Yaxşılığa, inkişafa, yüksəlişə bu dərəcədə gözügötürməzlik olarmı?
Mən bir neçə rəqəmə və hesabatda deyilən faktlara ona görə müraciət etdim ki, bir daha deyəm: - həyatda olan yaxşı nə varsa, onu qara eynək arxasından görmək istəyi adamın özünə də qara gün yaşadır.
Gəlin tanrının qismət etdiyi, möhtərəm Prezidentimizin yaratdığı ağ günləri bir-birimizin varlığına sevinərək yaşayaq.
teref.az