İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Qalacıq və Sumağallı kəndlərində görüş-qəbul keçirib

16-05-2018, 14:04           

teref.az - Tez-tez Qalacığa gedib, sakinlərin qayğıları ilə maraqlanan İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov yenidən burada olub və görüş-qəbul keçirib.
Mirdaməd Sadıqov giriş nitqində qalacıqlıların dövlət mövqeli fəaliyyətini təqdir edən, onların ictimai fəaliyyətlərinin səmərə verdiyini, kənddə normal və təminatlı həyat şəraitinin təmin olunmasında hər kəsin düşüncəli iştirakından razılıq ifadə edən nitq söyləyib. Dünyada, Şərqdə, qonşu ölkələrdə, əsas da ölkəmizdə gedən siyasi proseslər barədə iştirakçıları məlumatlandırıb. Sonra isə təklifi, sözü, arzusu və ya şikayəti olan hər kəsi dinləyib. Hər bir məsələ xahiş mövqeyindən diqqətə çatdırılıb.
Qalacığa qaz çəkilməsi, kəndarası yolların düzəldilməsinə yardımçı olmaq, aptek açılması üçün münasib otaq ayrılması, Qalacıq İƏD-ə daxil olan, son illər Çəmənli adlandırılan kənddə məktəb tikintisi (Buradakı uşaqlar Qəbələnin qonşu Məmmədağalı kənd məktəbinə gedirlər) buraya dayanıqlı elektrik enerjisi verilməsi, uzunluğu 4 kilometr olan Qalacığın yuxarı hissəsində ibtidai məktəb açmaq xahiş olunub. Çəmənli sakini İntiqam Musayev bu günlərdə selin kəndə vurduğu ziyanın aradan qaldırılması üçün görülən operativ tədbirlərə görə rayon rəhbərliyinə sakinlərin razılığını çatdırıb.
**** ****
Sumağallı kəndi son illər Heydər Əliyev Fondunun diqqəti və qayğısı ilə inkişafda daha çox uğurlar qazanır. Qısa müddətdə buraya qaz çəkilib. “Kəndinvestisiya” layihəsi istehsal gücü 54 min baş cücə olan inkubator açıb. 40 yerlik uşaq bağçası tikilib, ehtiyac olan bir yerdə körpü salınıb.
İsmayıllı Rayon İcra Hakimiyətinin başçısı Mirdaməd Sadıqov Sumağallıda keçirdiyi görüş-qəbulda bunlardan danışıb, qarşıda duran vəzifələri şərh edib.
Sumağallı sakinləri ardıcıl olaraq həyata keçirilən layihələrə, bu günkü həyat səviyyələrinə görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər. Eyni zamanda müasir məktəb binası tikintisini, elektrik təsərrüfatının təmirini, magistral yoldan Sumağallıya dönən hissədə dayanacaq qoyulmasını, uşaq bağçasına əlavə bir qrupun verilməsini xahiş ediblər.
Hər iki kənddə qaldırılmış məsələlər qruplaşdırılıb, rayonun imkan və səlahiyyətləri daxilində olanlar icra üçün qəbul edilib, baş idarə və nazirliklərə aid olanlar isə ünvanına göndərilib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.