“Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” - Bəxtiyar Əsgərov

18-05-2018, 14:04           
“Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” - Bəxtiyar Əsgərov
“Bəzi informasiya vasitələrində, saytlarda dərc edilmiş, heç bir real fakta, mənbəyə əsaslanmayan və görülən işlərə kölgə salmaq, qaralamaq niyyəti güdən “məqalələr” ictimai fikirdə son illərdə Naxçıvan Muxtar Respublikası və onun rəhbərliyinin əldə etmiş nailiyyətləri, xüsusilə real sektorda əldə olunmuş inkişafı gözdən salmaq, diqqəti yayındırmaq məqsədi daşıyır”.

APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib.

O qeyd edib ki, 1995-ci ildən muxtar respublikada kənd təsərrüfatının inkişafı, ümumi daxili məhsul 50 dəfəyədək, zəruri məhsul istehsalı 105 dəfədən çox artıb, 400-dək növdə məhsul istehsal olunub, enerji və qida təhlükəsizliyi tam təmin edilib, 70 mindən çox iş yeri açılıb, 14 minədək obyekt tikilib yaxud yenidən qurulub. B. Əsgərovun sözlərinə görə, muxtar respublikanın ixrac potensiallı yeyinti, tikinti, mebel və yüngül sənayesi, maşınqayırma sənayesi, turizm imkanlarının inkişafı, daxili nizam-intizam qanunların aliliyi ilə təmin olunub, 25 ildən artıq bir dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, yüksək iqtisadi inkişafla etibarlı müdafiə sistemi yaradılıb, hüquq-mühafizə orqanlarının işi yüksək səviyyədə təşkil olunub.

”Təkcə iki gün öncə ölkə prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri zamanı istifadəyə verilmiş iri obyektlər onu göstərdi ki, xalqımızın rifahı naminə dövlət rəhbərimizin sosial-iqtisadi, hərbi və digər sahələrdə ortaya qoyduğu proqramlar muxtar respublika rəhbərliyi tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Fikirlərinin haradan qaynaqlandığını yaxşı bildiyimiz bu “məqalə” müəlliflərinin və onların “himayədarları”nın vətəndaşlıq mövqeyi ilə üst-üstə düşməyən bu yoldan çəkinəcəklərinə və uzun illərdir blokadadan əziyyət çəkməsinə rəğmən dünyanın inkişaf modelinə çevrilə bilən ulu Naxçıvanımızın hamımızın qürur, iftixar mənbəyi olduğunu anlayacaqlarına inanıram”, - deyə o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.