İsmayıllıda Şəhid Ağahüseyn Aslanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
6-06-2018, 10:19
teref.az - İsmayıllı Rayon İcra Hakimiyyətinin və “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə adını daşıdığı şəhər iki saylı tam orta məktəbində şəhid Ağahüseyn Aslanovun doğum gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə RİHB-nin müavini Sevil Əhmədova, RTŞ-nin əməkdaşları – Şəfaqət Rəsulov, Ramiz Baloğlanov, Rəna Mirzəliyeva, RGİİ-nin rəisi Taleh Salehov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, şəhidin ailə üzvləri, qohumları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə Ağahüseyn Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Ramil Dadaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, Şəhidin şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əmədova Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Ağahüseyn Aslanovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib. Şəhidin xatirəsinə həsr olunmuş “Eldən gedən oğul” kitabının müəlifləri Hacıməmməd Məmmədov və Şahməmməd Soltanov çıxış edərək bildiriblər ki, bu kitabın ərsəyə gəlməsi nə qədər çətin olsa da , bir o qədər şərflidir.
Sonra məktəbin şagirdləri qəhrəmana həsr olunan şeirlər, nəsr parçaları söyləyib, mahnılar ifa etmişlər.
“Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin təşəbbüsü ilə fiziki məhdudiyyətli uşaqların şəhidlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. İctimai Birliyin hazırladığı şəhid Ağahüseyn Aslanovun portreti ailə üzvlərinə təqdim edilib. Şəhidin oğlu keçirilən yüksək səviyyəli tədbirə görə Rayon İcra Hakimiyyətinə və İctimai birliyə təşəkkürünü bildirib.