İran hədələdi: "Baha başa gələr..."
27-10-2015, 16:31
Rəsmi Tehran nüfuzlu şiə din xadimi Nəmr Baqir əl Nəmr barəsində verilən edam qərarına görə Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi. ANS PRESS-in məlumatına görə, İran İslam respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan qərarın icrasının Səud rejiminə baha başa gələcəyini deyib. Diplomat rəsmi Riyaddan qərarın ləğvini tələb edib.
“Bu hadisə şübhəsiz ki, müsəlmanların duyğularını incidəcək və kütləvi etirazlara səbəb olacaq. Səudiyyə Ərəbistanı rəhbərliyindən İslam dünyasında gərginliyin çoxalmaması adına mövzuya real mövqe ilə yanaşması və qərarın icrasının dayandırılması gözlənir.”
Nəmr üçün keçirilən dəstək aksiyası
Səudiyyə Ərəbistanının nüfuzlu şiə din xadimlərindən olan Nəmr Baqir əl Nəmrin 2011-ci ildə Bəhreyndəki etiraz aksiyaları ilə paralel olaraq Qatif şəhərində keçirilən rejim əleyhidarı nümayişlərə rəhbərlik etdiyi bildirilir. Bundan sonra Səudiyyə rejimi onun barəsində məhkəmə iddiası qaldıraraq əl Nəmri aksiyaları təşviq etməkdə, fitnə çıxarmaqda, təhlükəsizlik qüvvələrinə müqavimət göstərmək və onlara atəş açmağa cəhd etməkdə ittiham edərək həbs etmişdi. Ötən il oktyabrın 15-də isə onun barəsində edam qərarı verilib.
Dünən isə Səudiyyə Ərəbistanının Ali Mühakimə Divanı şiə din xadimi Nəmr Bəqir əl-Nəmr barədə verilən edam hökmünü imzalayıb.
Bundan əvvəl də İran İslam respublikası ilə Səudiyyə Ərəbistanı arasında müxtəlif səbəblərlə diplomatik qalmaqallar yaşanıb. Ən son isə Qurban bayramı vaxtı Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətinin ayinlərindən olan şeytan daşlama vaxtı yaranmış izdihamda minə yaxın zəvvarın ölməsi iki ölkə arasında qalmaqala səbəb olmuşdu.