SOCAR-a qarşı qaz intriqaları: - İvanişvili axır ki, danışdı...

28-10-2015, 15:06           
SOCAR-a qarşı qaz intriqaları: - İvanişvili axır ki, danışdı...
Gürcüstan hökumətinin Rusiyadan qaz alınmasına dair başladılan danışıqlara dair ziddiyyətli açıqlamalarının davam etdiyi bir vaxtda energetika naziri Kaxa Kaladze oktyabrın 26-da Milanda “Qazprom” rəhbəri Aleksey Millerlə ikinci dəfə görüşüb.

Virtualaz.org saytı xəbər verir ki, təfərrüatları barədə məlumat verilməyən görüşdə “Qazprom”un Gürcüstanın kommersiya qaz bazarında iştirakına dair danışıqlar aparılıb.

Bunun ardınca “Gürcü arzusu” koalisiyasının “boz kardinalı” Bdzina İvanişvili ilk dəfə Rusiya ilə qaz danışıqlarına dair yaranmış siyasi qalmaqalı şərh edib.

İvanişvili təsdiq edib ki, məqsəd SOCAR-ın Gürcüstanda inhisarçı statusunun aradan qaldırmaq və kommersiya müəssisələrinin qazı daha sərfəli qiymətə almasını təmin etməkdir.

Bdzina İvanişvili oktyabrın 27-də jurnalistlərlə söhbətində xatırladıb ki, Gürcüstan ərazisindən qaz kəməri keçir. Bu qaz kəməri ilə Ermənistana qaz nəql olunur və Gürcüstan bundan müəyyən gəlir əldə edir.

“Bazarın diversifikasiya olunmasında və bizim biznesmenlərə istədikləri yerdən əlavə qaz almaq imkanı yaradılmasında pis heç nə görmürəm. Biz onlara seçim imkanı verməliyik. Hazırda biz ona çalışırıq ki, Gürcüstana İran qazı da daxil olun. Şəxsən mən özüm bu işin içindəyəm”- İvanişvili deyib.

Gürcüstanın “Vahid Milli Hərəkat” müxalifət partiyasının Azərbaycanın ölkəni ucuz qazla təchiz etdiyi bir vaxtda “Qazprom”la danışıqlara görə hökuməti tənqid etməsinə münasibət bildirən İvanişvili bildirib ki, Azərbaycan qazının Rusiya qazından daha ucuz olduğunu hələ aydınlaşdırmaq lazımdır.

“Biznesmenlər dəli deyil ki, özləri bir mənbədən qazı ucuz aldıqları halda başqa yerdə daha baha qiymət ödəsinlər”- o deyib.

“Biz Azərbaycan tərəfinə, SOCAR-a minnətdarıq. Ancaq əgər bir şirkətin bazarda inhisarçı mövqeyini aradan qaldırmaq və müxtəlif şirkətlərin bazarda iştirakını təmin etmək mümkün olacaqsa, bunda pis heç nə yoxdur”- deyə İvanişvili əlavə edib.

Onun sözlərinə görə, “Qazprom”la danışıqlar ətrafında ajiotajı ancaq “Milli hərəkat” qaldırır. Azərbaycan tərəfi isə narahat deyil.

“Mənim onların (SOCAR-ın-red.) həm Azərbaycanda, həm də Gürcüstandakı rəhbərləri ilə yaxşı təmaslarım var, onlar öz narahatlıqlarını ifadə etməyiblər”- deyə milyarder bildirib.

Gürcüstan mətbuatı xatırladır ki, hökumət rəsmiləri, baş nazir “Qazprom”la danışıqların ancaq tranzit məsələləri ilə bağlı olduğunu desələr də energetika naziri Kaxa Kaladze İvanişvilinin də iştirakı ilə Rusiyadan kommersiya təyinatlı qaz alınmasına dair danışıqlar aparır. Bu isə SOCAR-ın Gürcüstandakı əsas gəlir mənbəyinin əlindən çıxmasına gətirib çıxara bilər.

İvanişvili Gürcüstanda hakimiyyətə gələndən sonra SOCAR-ı enerji daşıyıcılarının qiymətini süni şəkildə artırmaqda ittiham etmişdi. Lakin SOCAR-n Gürcüstana az qala Azərbaycan əhalisinə satdığı qiymətə sosial təyinatlı qaz satdığı üzə çıxandan sonra hakimiyyət susdu.

Gürcüstan müxalifəti onu da xatırladır ki, İvanişvili “Qazprom”un ən iri özəl səhmdarı olub. Hazırda onun bu səhmləri əldə saxladığı barədə məlumatlar var.

Xatırladaq ki, Gürcüstan hökumətinin “Qazprom”la danışıqlara başladığı məlum olandan sonra bu ölkənin baş naziri İrakli Qaribaşvili prezident İlham Əliyevlə görüşmək üçün Bakıya qəfil səfər edib.

Noyabrın əvvəllərində isə İlham Əliyevin Tiflisə səfəri olacaq. SOCAR rəhbərliyi bildirir ki, Gürcüstanın “Qazprom”la danışıqlarından narahat deyil və rəqabətə hazırdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.