Almaniyadakı səs-küylü qətldə Rusiya kəşfiyyatı şübhəli bilinir

28-08-2019, 08:52           
Almaniyadakı səs-küylü qətldə Rusiya kəşfiyyatı şübhəli bilinir
Zəlimxan Xanqoşvilinin öldürülməsi kimlərə lazım olub?
Bu il avqust ayının 23-də Berlinin Moabit rayonunda İkinci Çeçen müharibəsinin fəal iştirakçısı Zəlimxan Xanqoşvili öldürülüb. Almaniya hüquq-mühafizə orqanları sui-qəsdin olduqca peşəkar şəkildə planlandığına, həyata keçirildiyinə və xarici ölkənin kəşfiyyat strukturu tərəfindən icra olunduğuna diqqət çəkib.

Almaniyanın həftəlik “Der Spiegel” jurnalı NATO-ya daxil olan bir sıra ölkələrin məxfi xidmət orqanlarına istinadən hadisənin Rusiya kəşfiyyatının və Ramzan Kadırovun adamlarının əli ilə törədilməsi ehtimalının qüvvətli olduğunu yazıb.

Terror qurbanının bioqrafiyası bu versiyanı daha da əsaslı edib. Zəlimxan Xanqoşvili Gürcüstanın əsasən çeçenlərin yaşadığı Pankis dərəsində anadan olub. O, müharibədən sonra Rusiya tərəfindən axtarışa verilib. Daha sonra Zəlimxan Xanqoşvili Gürcüstan Daxili İşlər Nazirliyinin Antiterror bölməsinin əməkdaşı vəzifəsində çalışıb.

Hələ 2014-cü ildə Z.Xanqoşvilini Pankisin Duisi kəndində məsciddə partladaraq öldürmək istəyiblər. 2015-ci ildə isə o, Tiflisin mərkəzində yenidən sui-qəsdə məruz qalıb. Silahlı adamlar ona 4 dəfə atəş açıblar. Yalnız xəstəxanaya vaxtında çatdırılması həmin vaxt onu ölümdən qurtarıb. İkinci sui-qəsddən sonra Z.Xanqoşvili Ukraynaya köçüb və burada Rusiyaya qarşı mübarizəsini davam etdirib. Ukraynaya köçən bir sıra Putin rejimi əleyhdarlarının aqibətlərinin acı sonluqla bitməsi onu Almaniyaya köçməyə və burada sığınacaq istəməyə məcbur edib. Son dövrlərdə onun Brandenburq və Berlində yaşadığı bilinirdi.

Bundan başqa, Zəlimxan Xanqoşviliyə atəş açanın şəxsiyyəti barədə məlumatlar onun sifarişli qətlin qurbanına çevrildiyini göstərir. Belə ki, qatilin 49 yaşlı, çeçen əsilli Rusiya vətəndaşı olduğu ortaya çıxıb. Cinayətkar avqustun 23-də saat 12-də Moabit rayonundakı parklardan birində öz qurbanına velosipedlə yaxınlaşıb və 9 mm-lik tapançadan atəş açıb. Killer qaçmağa cəhd etsə də, polis onun yerini tapıb saxlamağa müvəffəq olub. Qatilin çaya atdığı tapançanı dalğıclar çıxarıblar. Onun yaşadığı mənzildə isə külli miqdarda pul tapılıb.

Z.Xanqoşvili İçkeriyanın mərhum prezidenti Aslan Masxadova və Şamil Basayevə yaxın isimlərdən sayılırdı.

“Bild” qəzeti onun müqavimət hərəkatında avtoritetə malik olduğunu yazıb. Özünü islamçı saysa da, Zəlimxan Xanqoşvili çeçenlərin Suriyaya getməsinin əleyhinə olub və hətta bir çoxlarını bu fikirdən daşındırıb.

Son hadisə Almaniyada yaşayan çeçen icmasını olduqca qayğılandırıb. Berlin sakini Saydpaşa Dukayev son müsahibəsində çeçenlərin alman polisinə artıq güvənmədiklərini söyləyib.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.