Rusiya və Ermənistan arasında hibrid MÜHARİBƏ GEDİR
31-08-2019, 16:52

"Qarabağda Kreml və KQB-nin əldə edə bilmədiyini İrəvanda həyata keçirəcəklər"
"KTMT və AİƏT Rusiyanın əlindəki alətdir və Ermənistana qarşı müharibə vasitəsidir"
“Bu müharibə, məsələn, nəqliyyatın çökməsi şəklində baş verəcək. Metroda diversiya fəaliyyətləri, qaz və işıq şəbəkəsində sönmələr baş verəcək. Ermənistanın məruz qalacağı hibrid müharibə budur. Faktiki olaraq, may ayından avqust ayının 5-dək Qarabağda (qondarma qurum-red.) dövlət çevrilişi cəhdinə şahidlik edirdik. Bu dövlət çevrilişi Ermənistana ixrac edilməli idi. Qarabağ “Axilles dabanı” olaraq seçilib. Lakin bizim yuxarı təbəqənin iki, Ter-Petrosyan və Serj Sarkisyan qüvvəsinin, üçüncü Köçəryan qüvvələrinə qarşı birləşməsi hesabına Qarabağda təhlükəsizliyi və sabitliyi qoruyub saxlaya bildik. Lakin artıq növbəti zərbə Ermənistanda baş verəcək. Ona görə ki, Qarabağda Kreml və KQB-nin əldə edə bilmədiyini, İrəvanda həyata keçirəcəklər. Bizi bu proseslərdən sadəcə bir neçə həftə ayırır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın tanınmış jurnalist, ictimai xadim Levon Barseğyana ünvanladığı cavab məktubu erməni ictimaiyyəti və media ekspertləri arasında geniş müzakirə mövzusuna çevrilib.
Lakin çoxları bu məktubda yer alan fikirlərin Kremlə yaxın rus kütləvi informasiya vasitələrindən birinin şərhçisinin uzaqgörən rəylər irəli sürməsinə əsas verdiyinə inanmaz. Həmin jurnalist, ictimai xadimin fikrincə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) üzvü olan ölkə kimi Rusiyaya qarşı hibrid müharibə aparır. Barseğyanın bir neçə vacib suallarına cavab olaraq, MTX direktorunun köməkçisi Vanetsyanın adından MTX-nin fəaliyyəti və priorirtetləri, yanaşmaları, xüsusi xidmət orqanlarının keçmişi və Sovet İttifaqının xüsusi xidmət orqanları (daxili qoşunların xalq komissarlığı, rusca NKVD), xüsusilə Dövlət Təhlükəsizlik Komitəsi (rusca KQB) ilə MTX-nin əlaqəsi haqqında sualı cavablandırıb. “Biz hesab edirik ki, bizim qurumun fəaliyyəti Ermənistanın sovetləşməsi ilə kəsilib. Bu dövlətçiliyin itirilməsi zamanı baş verib. Lakin 1991-ci ildə dövlətçiliyin bərpası nəticəsində və onun hesabına guya Ermənistan Milli Təhlükəsizlik Xidmətini bərpa etmişik. Biz özümüzü SSRİ-nin NKVD və KQB-nin varisləri hesab etmirik. Üstəlik gecə-gündüz Ermənistanın və onun xalqının təhlükəsizliyini təmin edən bizim əməkdaşlar, Stalin cəlladları və qəssabları ilə bərabər tutula və ya müqayisə oluna bilməz. Sovet illərində baş verən kütləvi zorakılıqlar və təqibləri çoxdan, birdəfəlik tənqid etmişik”, - deyə MTX-nin direktorunun cavab məktubunda qeyd edilib.
Vanetsyanın bu bəyanatına əsaslanaraq, Rusiyanın “Pravda.ru” xəbər portalının şərhçisi Lyubov Stepuşova da öz məqaləsində Ermənistanın KTMT və AİƏT üzvü olaraq, Rusiyaya qarşı hibrid müharibə apardığı qənaətinə gəlib. “Ermənistanın MTX direktoru bəyan edib ki, Ermənistan öz dövlətçiliyini 1918-ci ildə sovetləşmə (1920-ci ilin dekabr ayında) səbəbindən itirib. Belə bir ideologiyaya sahib olan ölkələr Rusiyaya qarşı hibrid müharibələri aparır. Bunlar arasında Baltikyanı ölkələr, Gürcüstan və Ukrayna qeyd edilir”.
Erməni KİV-lərindən isə biri yazır ki, xüsusilə son bir il ərzində Ermənistan xəbərlərini izləyənlər, “inqilab/əks inqilab” məntiqi üzrə ölkədə gedən siyasi proseslərin fəallaşdığını hiss edirlər. “Maraqlıdır ki, bu vəziyyət, əsasən 2018-ci ildə baş verən inqilabdan, xüsusilə Köçəryan, Xaçaturov və digərlərinin “1 Mart” cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsindən sonra baş verib. Rusiyanın dövlət və Kremlə yaxın televiziya kanalları, digər xəbər vasitələri vaxtaşırı həyasızcasına Ermənistanın daxili işlərinə müdaxilə edən verilişlər yayır, gizli və ya açıq şəkildə materiallar paylaşırdılar. Bunlardan, məsələn, 2018-ci ilin inqilabını “sorosçular”, Qərb təşkil edib kimi fikirlər qeyd olunurdu.
Bu mənada Putinin yaxın dostu Köçəryanı açıq-aşkar dəstəkləyən reportajların yayılması, bu verilişlərdə Köçəryana qarşı “vendetta”, “siyasi təqib” və s. məsələlərinin yayımlandığı qeyd olunurdu. Xüsusilə, Rusiyanın birinci dövlət kanalının iyun ayının sonunda yayımladığı verilişdə, rusiyalı ekspert Köçəryana qarşı cinayət təqibini Paşinyanın Qarabağ problemi və güzəştlərə getməsi ilə bağlı ehtimal edilən planları ilə əlaqələndirdi: “Robert Köçəryan, nüfuzlu Qarabağ klanının nümayəndəsidir. Hesab edirəm ki, Paşinyan onların nüfuzunu diz çökdürməyə çalışırdı. Köçəryanın həbs edilməsi bu planın həyata keçirilməsi üsullarından biridir. Ona görə ki, Qarabağ məsələsində istənilən güzəşt dərhal ümumi qarabağlıların və xüsusilə bu klanın müqavimətinə rast gələ bilərdi. Sarkisyan və Köçəryan da bu klanın üzvləridir””, - deyə erməni KİV-i qeyd edir.
Yuxarıda qeyd edilənlər məntiqi və birdəfəlik təbii sual ortaya qoyur. Ermənistan Rusiyaya qarşı, yoxsa əksinə Rusiya Ermənistana qarşı hibrid müharibə aparır? Mövzu ilə bağlı “Araçın Lratvakan” xəbər portalı Ermənistanın Avropa partiyasının həmsədri Tiqran İzmalyanla söhbət aparıb. “Pravda.ru” qəzetində yayımlanan məqalə və bu nəşrin nə dərəcədə Paşinyan hakimiyyətinin siyasəti ilə bağlı olduğuna dair sualı İzmalyan cavablandırarkən vurğulayıb ki, “Pravda” qəzeti əsas partiyanın əsas kütləvi informasiyası deyil, belə ki, bu o qədər də inandırıcı hesab edilə bilməz. “Lakin sovet saxta təbliğatının ənənələri istənilən halda davam edir”, deyə ifadə olunan fikirlərə cavabında, “bəli bu davam edir”, deyə bildirib.
“1920-ci ildə dövlətçiliyi itirmişik deyərkən, Baltikyanı ölkələr, Gürcüstan, Ukrayna ilə birlikdə Rusiyaya qarşı hibrid müharibə apardığımız mənasına gəlirmi?”, deyə növbəti sualı cavablandıran partiya sədri İzmalyan deyib ki, bu formal məntiq baxımından cəfəngiyyatdır, lakin bunu “Pravda” yazdığına görə Ermənistan çox təcrübəli yırıtıcılarla üz-üzə qalıb. “Bu məsələdə onların seçdiyi başlığa diqqət yetirmək lazımdır. “Ermənistan KTMT və AİƏT-in üzv ölkəsi olaraq, Rusiyaya qarşı hibrid müharibə aparır. Bu məsələ şok effekti, yaxud əks təsir reaksiyası verməyə əsas yaratmır. Əksinə bizim hücuma meyilli ölkə ilə, o cümlədən 1920-ci ildə Ermənistanı zəbt etmiş bir ölkə ilə qarşı-qarşıya qaldığımızı dərk etməliyik. Bu qüvvələr həmişə eyni məntiq uğrunda mübarizə aparırlar. Hibrid müharibə ilə bağlı bəzi məqamlar tanışdır. Bunları bir tərəfə qoyaraq, mən, 2016-cı ilin fevral ayında “Facebook” və mətbuat vasitəsi ilə rusların Ermənistana qarşı böyük təxribata hazırlaşdığını demişəm. Hətta proqramlardan birində birbaşa yayım zamanı məni təşviş yaratmaqda ittiham da ediblər. Bu cür bəyanatları verərkən “Hərbi sənaye kuryeri” həftəlik hərbi qəzetində Xramçixin və bir neçə digər ekspertlərin təhlillərini əsas götürmüşəm. Bu məqalələrdə Ermənistanın hərbi imkanları, bölmələrinin yerləşməsi, silahlanması və s. məsələlər açıq şəkildə qeyd edilirdi. Bununla da döyüşlərə hazırlıq gedirdi və bu döyüşlər cəmi iki həftə sonra aprel ayında baş tutdu.
16 mart tarixində “Yerkir.media” kanalının efirində həmin bu bədnam debat nümayiş etdirilib. İndi yenə eyni narahatlıq və həyəcanla iddia edirəm ki, Patruşevin gəlişi və onun gəlişindən bir iki gün öncə rus hakimiyyətinin maraqlarına xidmət edən mətbuatda bizə qarşı hazırlananlar bu barədə bəyan edir. Bəli, bu belə də olmalıdır, onların Ermənistanın Rusiyaya qarşı hibrid müharibə apardığını yayımlaması təbiidir. Bu, 2008-ci ildə Gürcüstanın Rusiyaya hücum etməsi, həmçinin 2014-cü ildə Ukraynanın “bədbəxt Rusiyaya hücum etməsi, o cümlədən 1939-cu ildə Estoniya, Latviya, Litva və Polşanın Rusiyaya hücum etməsinə bənzəyir”. Bütün bunlar eyni məntiqlə həyata keçirilir”, - deyə o bildirib.
İzmalyan qeyd edib ki, Rusiya müharibəyə hazırlaşır və Ermənistan hər gün bu müharibənin bu və ya digər əlamətlərini görür: “Bu müharibə, məsələn artıq Yuxarı Lars keçid məntəqəsində başladığı kimi nəqliyyatın çökməsi şəklində biruzə verəcək. Bildiyiniz kimi, 24 saatlıq keçid məntəqəsi, cəmi 3 saat fəaliyyət göstərir, həm də bu Ermənistanda məhsul yığımı meyvə və üzüm xammalının toplanması, tərəvəzin əsas bazarı olan Rusiyaya göndərilməsi ilə bir vaxtda baş verməsi təəssüf doğurducudur. Çox ehtimal edilir ki, metroda diversiyalar, həmçinin qaz və işıq sönməsi baş verəcək. Ermənistanın məruz qalacağı hibrid müharibə bundan ibarətdir. Patruşev bu barədə xəbərdar etməyə gəlmişdi. Patruşevin səfər etməsində məqsəd, öz tələbinə uyğun kapitulyasiya tələb etməkdən ibarət idi. Bəzi ekspertlərin fikrincə, Patruşev indi Putin administrasiyasında əvəzolunmaz və son həftələrdə diktə edən şəxs rolunu oynayır. Beləliklə, biz tezliklə kifayət qədər ciddi proseslərin şahidi olacağıq. Məsələn, Köçəryan türmədən “Qolos Armenia” məcmuəsinə verdiyi müsahibəsində bildirib ki, payızda küçə fəaliyyətləri baş tutacaq, bu isə növbədənkənar seçkilərə gətirib çıxaracaq. Təbii ki, Köçəryan türmədə bu cür hadisələri təşkil edə bilməz. Əlbəttə ki, o, ona diktə edilənləri səsləndirir”.
Erməni partiya sədri bildirir ki, faktiki olaraq Qarabağda may ayından avqust ayının 5-dək çevrilişə şahidlik edirdilər və bu zaman həmin dövlət çevrilişi Ermənistana ixrac edilməli idi. “Qarabağ bu məsələdə “Axilles dabanı” kimi seçilib. Ermənistanın yuxarı təbəqəsinin iki hissəsini təşkil edən, Ter-Petrosyan və Serj Sarkisyan qüvvəsinin, üçüncü Köçəryan qüvvələrinə qarşı birləşməsi hesabına Qarabağda təhlükəsizliyi və sabitliyi qoruyub saxlaya bildik. Lakin artıq növbəti zərbə Ermənistanda baş verəcək. Ona görə ki, Qarabağda Kreml və KQB-nin əldə edə bilmədiyini, İrəvanda həyata keçirəcəklər. Bizi bu proseslərdən sadəcə bir neçə həftə ayırır”, -deyə o təşvişini gizlədə bilməyib.
Bu məsələnin Qarabağ münaqişəsi ilə nə dərəcədə əlaqəli olduğunu cavablandıran İzmalyan münaqişənin çox şərti bir anlayış olduğunu deyib: “Artıq 30 ildir ki, davam edən münaqişənin həqiqətdə Azərbaycanla deyil, Rusiya ilə aparıldığını yeni nəsil dərk edir. Azərbaycan bunu bir vasitə olaraq istifadə edir. O zaman Sovet İttifaqı adlanırdı, indi isə Rusiya Federasiyası adlanır. Qarabağ isə eyni qaydada sadəcə teatr səhnəsinə çevrilib”. O hesab edir ki, hazırda real təhlükə Qarabağda deyil, KTMT və AİƏT Rusiyanın əlindəki alətdir və Ermənistana qarşı müharibə vasitəsidir: “Rusiya üzv ölkənin rəqibinə silah satmaqla, başqa üslubda Ermənistana qarşı müharibə aparmış olur. Ermənistan bunları görsə də, baş verənləri öz adı ilə hallandırmır. Hazırda Ermənistan cürət edib bizə qarşı müharibə aparılır, sözünü deyə bilmir. Bu isə rusların Ermənistan, bizə qarşı müharibə aparır, deməsinə əsas verir. Biz, əsl həqiqəti erməni xalqına deməyə cürət tapmadığımıza görə ruslara bu fürsəti vermiş oluruq. Bu gün ictimaiyyət Ermənistan hakimiyyəti qarşısında tələb qoymaqla əsl həqiqəti açıqlamasını, necə yaşadıqlarını və işlədiklərini, uşaqları və ölkəni necə qoruyacaqlarını izah etməyi tələb etməlidirlər. Əslində biz, şeytanın qaranlığında kəndirbazlıq edirik”.
Alpər Mövludoğlu