ABŞ KXDR-i təxribatlardan çəkinməyə və danışıqları bərpa etməyə çağırıb
29-11-2019, 07:50
Vaşinqton Şimali Koreyanın raket sınaqları keçirməsi ilə bağlı xəbərlərin fonunda Pxenyanı təxribatlardan çəkinməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə “TASS” agentliyinə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Şimali Koreyanın raket atması barədə məlumatlardan xəbərdarıq. Vəziyyəti izləməyə davam edirik və bölgədəki müttəfiqlərimizlə sıx əlaqədəyik. Biz Şimali Koreyanı təxribatlardan çəkinməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öz öhdəliklərinə əməl etməyə və tam nüvəsizləşməyə nail olmaq üçün danışıqlar masasına qayıtmağa çağırırıq”, - Dövlət Departamentinin nümayəndəsi belə deyib.
“Kyodo” agentliyinin Yaponiya Müdafiə Nazirliyindəki bir mənbəyə istinadən verdiyi məlumata görə, KXDR-in Yaponiya dənizi istiqamətində iki ballistik raket atdığı ehtimal olunur. Bundan bir qədər sonra isə Yaponiyanın müdafiə naziri Taro Kono raketlərin 100 km yüksəkliyə qalxdığını və 380 km uçduğunu deyib.