Edamını gözləyən azərbaycanlı milyarderin – Şok həyatı

7-03-2016, 09:48           

Bu gün İran məhkəməsi azərbaycanlı milyarder Babək Zəncaninin edam edilməsi haqqında qərar çıxarıb. İran tarixinin ən müəmalı şəxslərindən olan Zəncani korrupsiyada günahlandırılır.

Axar.az məsələnin aktuallığını nəzərə alaraq, məşhur milyarderin həyatı ilə bağlı məlumatı oxucularına təqdim edir. Babək Mörtəzə Zəncani 12 mart 1974-cü ildə anadan olub. Əslən Cənubi Azərbaycanın Zəncan şəhərindən olan Babəkin həyatında dönüş nöqtəsi Rəfsəncaninin prezident olduğu dövrə düşür. Belə ki, 1999-cu ildə Zəncani İran Mərkəzi Bankının rəhbəri Möhsen Nourbahın şəxsi sürücüsü olur. Nourbaharla müəyyən müddət işlədikdən sonra Zəncani onun böyük etibarını qazanır. Onun sayəsində xeyli pul əldə etdikdən sonra Babək Türkiyəyə yun və qoyun dərisinin ixracına başlayır. Lakin qısa müddət sonra iflas edir. Buna əsas səbəb isə Türkiyədəki ortağının Zəncanini aldatması olur.

Nəticədə Zəncani həbs edilir. Azadlığa çıxdıqdan sonra isə Türkiyədə iqtisadiyyat üzrə təhsil alır. Yenidən iş həyatına atılır və İran hakimiyyətinin yuxarı təbəqəsi ilə əlaqələrini gücləndirir. İranda film təqdimatlarının birində eks-prezident Mahmud Əhməd Necat və spiker Laricani ilə görüşür və İran neftinin xaricə çıxışını həyata keçirməyə icazə alır. Bu isə Zəncaninin sürətlə varlanmasına səbəb olur.

Zəncaninin 14 milyard dollarlıq imperiyasına müxtəlif sahələri özündə birləşdirən 64 şirkət daxildir. Bu şirkətlər İran, Malaziya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan və Türkiyədə fəaliyyət göstərirlər. Onun qarmaqarışıq şirkətlər yaratmaqda əsas məqsədi onların köməyi ilə İran neftinin ixracına nail olmaqdan ibarət olub. Sanksiyalara görə o, bunu açıq formada edə bilmədiyindən dolayı vasitələrin köməyi ilə həyata keçirib.

2012-ci ildə ABŞ və Avropa Birliyi Zəncaninin İran neftinin xaricə çıxarılması yollarını deşifrə edir. Bundan sonra Zəncaniyə qarşı sanksiyalar tətbiq edilir.

Zəncaninin Türkiyədəki ortağı məşhur azərbaycanlı milyarder Rza Zərrabdır (Rza Zərrab da Güney Azərbaycandandır). Məhz Zərrab sayəsində Zəncani ölkəyə 1,5 ton qızıl keçirə bilir. Türkiyədə Rza Zərraba qarşı qaldırılan ittihamlar sırasında prokurorlar iş adamının bütün əmrləri Zəncanidən aldığını bildiriblər. Ümumiyyətlə, Zəncani uzun illər İran hakimiyyətinin ən gizli əməliyyatlarının keçirilməsində yaxından iştirak edib. Məhz onun sayəsində İran müxtəlif istiqamətlərdə gəlir əldə etməyə nail olub.

Maraqlı məqam isə İranın siyasi və hərbi dairələri ilə çox sıx əlaqələri olan Zəncaninin qəflətən xəyanətdə ittiham edilməsidir. Görünür, İran sanksiyalar zamanı qeyri-qanuni üsullarla ölkə xaricinə neft satan Zəncaniyə verdiyi böyük dəstəyin açılmasında maraqlı deyil və bu məşhur iş adamını onun bildiyi çoxsaylı sirlərlə birgə birdəfəlik o dünyaya göndərməkdə qərarlıdır.

Qeyd edək ki, Zəncaninin qərardan şikayət etmək hüququnun olması barədə xəbərlər də yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.