Müxalifət azərbaycanlı milyarderin edama məhkum edilən ortağının dosyesini tələb edir

8-03-2016, 16:52           
Müxalifət azərbaycanlı milyarderin edama məhkum edilən ortağının dosyesini tələb edir
İran əsilli azərbaycanlı milyarder Rza Zərrabın ortağı Babək Zəncaninin İranda edam cəzasına məhkum edilməsindən sonra Türkiyə müxalifəti onun dosyesini tələb edir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP başqan yardımçısı, 17-25 dekabr 2013-cü illər arasında həyata keçirilən antikorrupsiya əməliyyatları ilə bağlı qurulan parlament komissiyasının üzvü Erdal Aksünger bu dosyenin Türkiyəyə gətirilməsinə və Zəncaninin bağlantılarının üzə çıxarılmasına çağırıb.

Xatırladaq ki, Zəncani İran neftini sataraq pullarını mənimsəməkdə ittiham olunur. Ona qarşı 2 milyard 800 milyon dollarlıq dələduzluq ittihamı irəli sürülüb. Babək Zəncani Rza Zərrabla birlikdə İranın neft pullarının sanksiyalardan yayındırılmasını həyata keçirmişdi. Bu məqsədlə Türkiyə üzərindən tonlarla qızılın daşınması, habelə nəğd pul transferi həyata keçirilirdi. Rza Zərrabın İran pullarının leqallaşdırılması əməliyyatını həyata keçirmək üçün Türkiyə hökumətinin nazirlərinə rüşvət payladığı da üzə çıxmışdı. Lakin 2013-cü ilin dekabrında həyata keçirilən antikorrupsiya əməliyyatında həbs olunsa da Rza Zərrab çox keçmədən azadlığa buraxıldı.

Erdal Aksünger deyib ki, Zəncaninin cinayət dosyesi ilə Türkiyədə onunla ortaq olan Rza Zərrabın və digərlərinin dosyesi ortaqdır. O zaman İranda Zəncaninin barəsində edam qərarının çıxarıldığı halda Türkiyədə prokurorluğun Zərrab dosyesini ört-basdır etməsi baş verir. “İran Zəncaniyə edam cəzası kəsərkən Türkiyə Rza Zərraba iki nazirlə birlikdə ən böyük vergi çempionu mükafatını verir”-millət vəkili bildirib.

MHP başqan yardımçısı Oktay Öztürk də Zəncaniyə verilən edam cəzasını və onun Türkiyədəki ortaqlarının əməllərinə dair dosyenin araşdırılmasının vəziyyətini yaxından izləyəcəklərini deyib. “Zəncani ilə Zərrab arasında əlaqə varsa əlbətdə ki, Türkiyə tərəfi də lazım olan addımları atmalıdır”-Öztürk deyib.

CHP millət vəkili Namık Havutca da Rza Zərrabın cinayət trafikində yer aldığını sübut edən çoxsaylı dəlillərin olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları İrandan Zəncaninin dosyesini istəyərək onun Türkiyədəki cinayət ortaqlarını üzə çıxarmalıdır.

Türkiyənin Gömrük Xidmətinin hesabatında Rza Zərrabla Babək Zəncaninin çoxsaylı şirkətləri arasında ticarət əlaqələrinin olduğu görünür. MHP başqan yardımçısı Oktay Vurala görə Türkiyədə çirkli pulların yuyulmasını həyata keçirən adama dövlət mükafat verir və bu absurddur. “Görün biz hansı Türkiyədə yaşayırıq”- o deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.