Avropa İttifaqı-Türkiyə razılaşması ilə bağlı rüşvət söhbəti
9-03-2016, 00:57
“Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı əldə olunan ilkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir”.
Azvision.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib.
Politoloq fikirlərini belə əsaslandırıb: “Avropa İttifaqı Türkiyə hakimiyyətindən xahiş edir ki, miqrantları Avropaya buraxmasın, öz ölkəsində saxlasın, hətta Avropadakıların bir hissəsini yenidən qəbul etsin, bunun müqabilində isə Brüssel Ankaraya aşağıdakı şəkildə "hörmət" edəcək:
1. 2018-ci ilə qədər Türkiyəyə 3 milyard dollar veriləcək;
2. Vizalar ortadan qaldırılacaq;
3. Türkiyənin Avropa İttifaqına üzvlüyü sürətləndiriləcək.
Belə çıxır ki, Suriya böhranı olmasaydı və miqrantlar Avropaya axın etməsəydi, Brüssel Türkiyə ilə əlaqələrini inkişaf etdirməyəcəkdi, bunun üçün mütləq gərək hardasa vətəndaş müharibəsi olmalıydı”.
E.Şahinoğlu əldə olunan razılaşmanın yerinə yetiriləcəyinə şübhə etdiyini deyib: “Daxili prosedura görə, Avropa İttifaqının bütün dövlətləri və parlamentləri Brüsselin Ankara ilə əldə etdiyi razılaşmaya “yaşıl işıq” yandırmalıdır. Bunu isə həyata keçirmək həm siyasi, həm də texniki nöqteyi-nəzərdə problematikdir. İkincisi, Avropa İttifaqı verdiyi vədləri adətən ya yerinə yetirmir, ya da bürokratik əngəllər səbəbindən uzadır. Belə olan halda Türkiyə də haqlı olaraq üzərinə düşəni etməyəcək”.
Qeyd edək ki, Avropa İttifaqı və Türkiyə Brüsseldə sammitdə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.
Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün Tvitter səhifəsində yazıb.
“Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə qaçqın böhranının birgə həlli ilə bağlı əsas prinsiplər barədə razılıq əldə edib”, — deyə Andreyeva yazıb.
Aİ Şurasının sədri Donald Tusk miqrantların Avropa İttifaqı ölkələrinə keçmək üçün istifadə etdikləri “Balkan marşrutu”nun bağlandığını bildirib.
“Avropa İttifaqı-Türkiyə sammitində liderlər digər qərarları da qəbul ediblər. Bu səbəbdən işimiz çox uzun çəkdi. Deyə bilərəm ki, bu gündən etibarən “Balkan marşrutu” miqrasiya axını üçün bağlandı”, - deyə D.Tusk bildirib.
Lüksemburqun baş naziri Ksavye Bettel isə bundan əvvəl bəyan etmişdi ki, Tusk Aİ-nin martın 17 və 18-nə təyin olunmuş növbəti sammitinədək Türkiyə tərəfi ilə miqrasiya planının detallarını hazırlayacaq. Onun sözlərinə görə, altı prinsip əsasında işləmək barədə razılıq var. Bununla belə, baş nazir bu prinsipləri açıqlamayıb.