ABŞ F-35-i və rus Su-35-i: Hansı güclüdür?
11-03-2016, 10:16
NATO-nun Şərqə doğru genişlənməsi və əsasən postsovet məkanına diqqət yetirməsi Rusiyanı silahlanmağa məcbur edir. ABŞ-ı özünə əsas rəqib kimi görən Moskva daim öz təyyarələrinin inkişafına xüsusi diqqət yetirir. Üstəlik, silah bazarında əsas rəqib sayılan Moskva və Vaşinqton son 10 ildə özlərinin ən mükəmməl təyyarələri hesab edilən F-35 və Su-35-i yaradıblar. Bir müddət öncə F-35-lərin radar sistemlərinin işləmədiyinin ortaya çıxması bu təyyarələr arasındakı rəqabəti yenidən gündəmə gətirib.
Axar.az hər iki təyyarə haqqında mühüm fərqləri oxucularına təqdim edir.
Şimal nəhənginin mükəmməl şahini
Rusiyanın istehsal etdiyi təyyarələr içərisində ən güclüsü indiyə qədər Su-35 hesab edilir. Su-27-nin əsasında yığılan bu təyyarə “4++” nəslinə aiddir. Bir neçə keyfiyyətinin çatışmaması onu 5-ci nəsil təyyarələr sinfinə aid etməyə imkan vermir. 2008-ci ildən hazırlanan bu təyyarədən yalnız 52 ədəd mövcuddur və onlar yalnız Rusiya ordusunda istifadə edilir. Bu təyyarəyə sahiblənmək istəyən ölkə isə 2 milyard rublundan (27,8 milyon dollar – red.) keçməlidir.
Su-35 bir çox keyfiyyətləri ilə digər ölkələrin təyyarələrini üstələməyi bacarır. Bu təyyarənin ən zəif tərəfi isə onu radarlara yaxalanmaqdan xilas edən stels texnologiyasına malik olmamasıdır. Al-41F1C mühərriki ilə təchiz edilən təyyarə forsaj vermədən belə səsdən yüksək sürət yığa bilir. Bu mühərriklər həmçinin 5-ci nəsil təyyarələrin də tələbinə cavab verir. Bu təyyarələr 6000 yay saatı və ya 30 il ərzində istifadə edilə bilər.
Su-35-lər üzərində həmçinin H035 İrbis radiolokasiya sistemləri quraşdırılıb. Bunun vasitəsilə Su-35-lər 400 kilometrdəki hədəfi müəyyən edə bilirlər.
Su-35-in uzunluğu 21,9, hündürlüyü 5,9 metrdir. Təyyarənin boş çəkisi 19000 kiloqram, normal uçuş çəkisi 25300 kiloqram, maksimal uçuş çəkisi 34500 kiloqramdır. Təyyarənin yerdə sürəti 1400 km/saat, havada sürəti 2500 km/saatdır. Uçuş məsafəsi yerdə (200 metr hündürlük nəzərdə tutulur) 1580 kilometr, havada isə asma yanacaq çəni olmadan 3600 kilometrdir. Maksimum 20000 metr hündürlükdə uça bilir. Təyyarə 150 mərmisi olan 30 milli metrlik aviasiya silahı QŞ-30-1-lə təchiz edilib. Təchizatında həmçinin orta məsafəli “hava-hava” tipli raketlər olan 6 ədəd R-27ER, R-27T, 10 ədəd PBB-AE (Qadyuka – red.) raketləri, kiçik məsafəli 6 ədəd P-73 raketlərindən də istifadə olunub. Onun üzərində gəmi əleyhinə 6 ədəd X-31 və ya 2 ədəd X-59M raketləri də var. Bundan başqa, Su-35-in silahlanmasına yüksək texnologiyalı raket olan X-29T və KAB-500-də daxildir. Onların sayı bu təyyarədə 6 ədəddir.
ABŞ təyyarələrin kralını yaradır
Rusiyanın Su-35-ləri yaratmasına əsas səbəb məhz 2006-cı ildə ABŞ-ın rəhbərliyi altında NATO ölkələrinin F-35-i istehsal etməsidir. Beşinci nəsil təyyarə olan F-35 demək olar ki, əksər rəqiblərini üstələyir. Təyyarəni ABŞ-ın “Lokhid Martin” şirkəti hazırlayıb. Qırıcı-bombardmançı olan F-35-in maliyyələşdirilməsində ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Norveç, Danimarka və İtaliya iştirak edir. Hazırda bu təyyarələr yalnız dörd ölkə - ABŞ, Böyük Britaniya, Avstraliya və Türkiyə ordularında mövcuddur.
F-35 F-22-nin əsasında hazırlanıb. Stels texnologiyası ilə təchiz edilməsi onun radarlardan yayınmasına yardım edir. Bu isə F-35-i öz rəqibi Su-35-dən xeyli üstün edir. Təyyarənin indiyə qədər 3 seriyası buraxılıb. Bunlar F-35A, F-35B və F-35C-dirlər. Təyyarədə AFAR AN/APG-81 çoxfunksiyalı radiolokasiya sistemi quraşdırılıb. O, havadakı hədəflərlə yanaşı, yerüstü hədəfləri də aşkar etməyə qadirdir. Təyyarədə həmçinin AN/AAQ-37 elektron optik sistem də mövcuddur. O, 1300 kilometr məsafədə buraxılan ballistik raketləri aşkar etməyə, müxtəlif yerüstü və hava hədəflərini tapmağa, gecə və gündüz uçuşlarında naviqasiya rolunu oynamaq, raket hücumu zamanı xəbərdar etmək, zenit artilleriyanın işlədiyi mövqedə raketin buraxıldığı nöqtəni dəqiqləşdirmək iqtidarına malikdir. Təyyarə pilotunun dəbilqəsində displey yerləşdirilib.
F-35A və F-35C təyyarələri F135 mühərrikləri ilə təchiz ediliblər. Bu mühərriklər F-22-yə quraşdırılmış F-119-un inkişaf etdirilmiş formasıdır. F-35-i Su-35-dən zəif edən əsas məqam isə onun forsaj vermədən səsdən yüksək sürətlə uça bilməməsidir.
F-35-in güclü silah təchizatı var. F-35-də “hava-hava” tipli AİM-9 Saydvinder, AİM-132 ASRAAM və AİM-120 AMRAAM raketləri mövcuddur. Təyyarə həmçinin AGM-158 JASSM qanadlı raketləri, kasetli bombalar olan CBU-103, CBU-104 və CBU-105 VCMD, idarə olunan aviasiya bombası AGM-154 və tank əleyhinə Brimston raketləri var. 2017-ci ildə F-35-in B-61 nüvə bombaları ilə təchiz edilməsi planlaşdırılır.
F-35C-in uzunluğu 15,67 metr, uzunluğu isə 4,48 metrdir. Təyyarənin normal çəkisi 15785 kiloqram, uçuş zamanı çəkisi 25896 kiloqram, maksimal uçuş çəkisi isə 30320 kiloqramdır. Təyyarənin maksimal sürəti 1700 km/saatdır. F-35C maksimal formada 2520 kilometr qət edə bilər. S-35-dən fərqli olaraq, F-35C maksimum 18200 metr hündürlüyü qalxa bilir. F-35C-nin hazırkı qiyməti 93,3 milyon dollardır.