Rusiyada azərbaycanlı adam güllələdi, qeyri-ruslara qarşı talanlar başladı

21-03-2016, 11:58           
Rusiyada azərbaycanlı adam güllələdi, qeyri-ruslara qarşı talanlar başladı
Rusiyanın Xakasiya bölgəsində baş verən qətl iğtişaşlara səbəb olub. Musavat.com “Realnaya Xakasiya” saytına istinadən xəbər verir ki, Abakan şəhərinin “Drujba” mehmanxanasındakı kafedə törədilən cinayət istirahət günlərinin ən çox müzakirə olunan mövzusuna çevrilib.

19 mart 2016-cı il tarixdə səhər saatlarına Abakan sakini şəhər xəstəxanasında dünyasını dəyişib. Onun döş qəfəsindən aldığı güllə yarasından öldüyü müəyyən edilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqın məlumatına görə, zərərçəkən səhər saat 5 radələrində dostları ilə birlikdə Abakan şəhərinin “Xalqlar dostluğu” küçəsindəki kafeyə gəlib. Kafenin girişində gənclərlə kafenin mühafizəçisi arasında münaqişə yaranıb, məsələyə digər müştərilər də qarışıblar. Kafedəki müştəri, Krasnoyarsk sakini olan 27 yaşlı gənc tapançadan atış açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlin baş verdiyi “Drujba” mehmanxanası

Qətllə bağlı xəbəri əksər yerli xəbər agentlikləri yayıb, sosial şəbəkələrdə qızğın müzakirələr aparılıb. Bir çox sosial şəbəkə istifadəçiləri hadisəyə “milli zəmində qətl” donu geyindirməyə çalışıblar. Çünki, tapançadan atış açan Krasnoyarsk sakini milliyətcə azərbaycanlıdır. Sosial şəbəkələrdəki təbliğat nəticəsiz qalmayıb: bir qrup şəxs Krılov və Zapovednaya küçələrində qeyri-ruslara məxsus əyləncə məkanlarına hücum edib, talanlar törədib.

Amma məsələnin milli zəminlə əlaqələndirilməsi üçün heç bir ciddi əsas olmayıb. Çünki, 27 yaşlı gənc azərbaycanlı olsa da, hələ uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb, bu ölkənin vətəndaşıdır.

Əyləncə məkanlarına hücum edənlərin əksəriyyətindən əvvəllər məhkumluq həyatı yaşayan şəxslər olduğu bildirilir.

Abakan şəhəri

Polis əməkdaşları talançıları saxlayıb. Rusiya DİN-in Abakan üzrə istintaq idarəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanılıb.

“Realnaya Xakasiya” yazır ki, sosial şəbəkə istifadəçilərinin təxribatı Abakanda faciə ilə nəticələnə bilərdi. Hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi faciənin qarşısını alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.