Şahzadə Salman 2 cümlə dedi, neft 2 faiz ucuzlaşdı
1-04-2016, 19:57
Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi Muhammed ben Salman cəmi iki cümləlik açıqlaması dünya birjalarında neftin qiymətinin 2 faizə yaxın ucuzlaşmasına səbəb olub.
Virtualaz.org xəbər verir ki, şahzadə Salman Səudiyyənin neft hasilatını ancaq bir şərtlə dondura biləcəyini bəyan edib-İran da bu addıma gedərsə.
“Bloomberg” agentliyinin məlumatına görə şahzadənin bu açıqlaması birjalarda “Brent” markalı neftin qiymətinin 40 dollardan aşağı düşməsinə səbəb olub. Salmanın açıqlaması bazarlarda neqativ qarşılanıb. Çünki aprelin 17-də Qətərin paytaxtı Dohada iri neft hasilatçılarının görüşü planlaşdırılıb. Bu görüşdə hasilatın dondurulması məsələsi müzakirə olunacaq.
Qeyd etmək lazımdır ki, məhz Rusiya tərəfindən irəli sürülən hasilatı dondurmaq ideyası neftin qiymətinin təxminən 40 dollar səviyyəsində sabitləşməsinə təsir edən əsas amillərdən biri idi. Bu təşəbbüsüə Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Venesuela ilkin dəstək verib. Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan da hasilatı dondurmağa hazır olduğunu bildirib.
Lakin bu məsələdə əsas çəkişmə İranla Səudiyyə arasında gedir. İran bildirir ki, hasilatı sanksiyalardan əvvəlki səviyyəyə qaldırıb sonra dondurmağa hazırdır. Bundan əvvəl OPEC-dəki mənbə Səudiyyənin İranın qərarından asılı olmayaraq hasilatı dondurmağa hazır olduğunu demişdi. Ancaq indi Ər-Riyad bu məsələdə mövqeyinin İrandan asılı olduğunu bildirir.