Obama:"Azərbaycan bu prosesdə son dərəcə əhəmiyyətli tərəfdaşdır"
2-04-2016, 14:49
ABŞ Prezidenti Barak Obama martın 31-dən aprelin 1-dək Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında bildirib ki, bu prosesdə iştirak edən bir sıra başqa ölkələr kimi Azərbaycan da nüvə materiallarının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüb.
O vurğulayıb ki, bununla əlaqədar hər bir ölkə öz fəaliyyət planını təqdim edib.
Azərtac-ın xəbərinə görə, Barak Obama deyib: “Bəzi ölkələrin zənginləşdirilmiş uran ehtiyatları var, onlar həmin ehtiyatların azaldılmasına dair qərar qəbul ediblər. Başqa ölkələrin mülki nüvə obyektləri var, lakin həmin obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübələri yoxdur. Buna görə də onlar təhlükəsizliyin təmin edilməsi üçün daha yaxşı təcrübəni qəbul edirlər. Elə ölkələr də var ki, onlar nüvə materialları qaçaqmalçılığı üçün potensial tranzit məntəqələri ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində iş aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə son dərəcə əhəmiyyətli tərəfdaşdır”.