Putini çətin vəziyyətə salan 12 yaşlı qız danışdı
15-04-2016, 09:33
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin aprelin 14-də ənənəvi mətbuat konfransı keçirib. Dövlət başçısına ümumilikdə 2 milyona yaxın sual göndərilib.
Putinə ünvanlanan maraqlı suallardan biri də 12 yaşlı məktəblinin sualı olub. Putin “Ərdoğan və Poroşenko suda boğulsaydı hansını qurtarardınız?” sualına cavab verməkdə çətinlik çəkib:
“Bilmirəm necə deyim. Çətin vəziyyətdə qaldım. Əgər kimsə boğulmağa qərar veribsə, onu xilas etmək artıq mümkün deyil. Lakin biz kömək əlimizi istənilən həmkarımıza uzatmağa hazırıq, əgər o özü bunu istəyirsə. Rusiya düşmənçilik həlqəsində olmayacaq, bu, istisnadır. Bizim dünyanın əksər ölkələri ilə mehriban əlaqələrimiz var. Moskva Ankaranın dostu olaraq qalır. Lakin ayrı-ayrı siyasilərlə problemlərimiz var”, - deyə cavab verib.
Putinə bu çətin sualı ünvanlayan məktəblinin adı məlum olub. O, Varya Kuznetsovadır.
Varyanın sözlərinə görə, sual özünə məxsusdur, sadəcə valideynləri də ona kömək edib: “Valideynlərimlə xəbərləri həmişə izləyib daha sonra müzakirəyə başlayırıq. Belə bir sual hazırlamağa özüm qərar verdim, valideynlərim isə bu sualımı yazmağa və prezidentə göndərməyimə kömək oldular”, - deyə 12 yaşlı məktəbli söyləyib.
Varyanın anası niyə məhz onların sualının seçildiyi ilə bağlı bir məlumatı olmadığını deyib: “Bu sual elə də qeyri-adi deyil. Mənə elə gəlir ki, bu cür sualı hər bir uşaq formalaşdıra bilər. O, televizora baxır, maraqlanır, çətinlik çəkəndə bizə müraciət edir. Sadəcə öz üzərində çox işləyən uşaqdır”.
Qızın valideynləri konfransda onların sualı səslənəndə şok olduqlarını etiraf ediblər: “Prezidentin qızımızın sualına bacarıqla cavab verməsinə çox şad olduq”. (qafqazinfo)